Qaz Dəhlizi vaxtından əvvəl tikilə bilər

-

"Cənub Qaz Dəhlizi" layihəsi qrafikə uyğun həyata keçirilir və ola bilsin ki, nəzərdə tutulan vaxtdan tez tikilib başa çatdırılsın.

Report-uun xəbərinə görə, Brüsseldə keçirdiyi mətbuat konfransında Avropa Komissiyasının enerji üzrə vitse-prezidenti Maroş Şefçoviç belə deyib.

“Cari qiymət vəziyyətində bu cür layihənin həyata keçirilməsinin gecikdirilməsi layihənin dəyərinin potensial artımı baxımından yolverilməzdir. Buna görə "Cənub Qaz Dəhlizi" layihəsinin vaxtında başa çatdırılmasını təmin etməkdə qərarımız qətidir" - deyə M. Şefçoviç vurğulayıb.

O, layihənin reallaşdırılacağı regionun olduqca strateji olduğunu bildirib. “Həmin regiona İraq, İran daxildir. Orada, həmçinin Türkmənistan da yerləşir. Türkmənistan da Avropa istiqamətində qaz ixrac etmək imkanını əldə etmək istəyir. Biz bunu necə həyata keçirmək mövzusunun üzərində işləyirik”.

"Cənub qaz dəhlizi" layihəsi çərçivəsində 2019-cu ilədək Azərbaycanın "Şahdəniz" yatağından Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya ərazisindən keçməklə İtaliyanın cənubuna qədər TANAP-TAP qaz kəmərləri sisteminin tikintisi nəzərdə tutulur.