Fuad Qəhrəmanlıya "yox" deyildi

Fuad Qəhrəmanlı

-

Bakı Apellyasiya Məhkəməsi Xalq Cəbhəsi Partiyasının həbsdə olan sədr müavini Fuad Qəhrəmanlının iki şikayətinə baxıb. Məhkəmə şikayətlərin heç birini təmin etməyib.

F.Qəhrəmanlı barəsində həbs qətimakan tədbirinin uzadılmasından və girov müqabilində ev dustaqlığına buraxılması haqda vəsadətinin təmin olunmamasından apellyasiya şikayəti vermişdi.

F.Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev Azadlıq Radisouna hər iki iş üzrə müdafiə vasitələrindən istifadənin davam etdiriləcəyini deyib.

Fuad Qəhrəmanlı "facebook" səhifəsində yazdığı statuslara görə, dekabrın 8-də həbs olunub. Həmin statuslara görə, ona qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb.

Fuad Qəhrəmanlı ittihamları qəbul etmir və siyasi sifarişlə həbs olunduğunu bildirir.