İŞİD-dən yeni hücum planları

Mark Rowley (sağda)

-

İslam Dövləti (İŞİD) silahlı qruplaşması Qərbin təkcə hərbi obyektlərinə deyil, bur sıra digər hədəflərə də zərbələr endirməyi planlaşdırır. Bu xəbərdarlıqla Britaniyanın əks-kəşfiyyat qurumunun rəhbəri çıxış edib.

Mark Rowley martın 7-də Londonda jurnalistlərə deyib ki, İŞİD nə vaxtsa dövlət simvollarına, hərbi qurumlara, polisə hücum edirdi. İndi isə ötən noyabrda Parisdəkinə oxşar hücumlar planlaşdırır. Parisdə konsert zalına, stadiona və barlara hücumlarda 130 nəfər həlak olmuşdu.

Rowley vurğulayıb ki, polisin hazırda belə bir hücum barədə məlumatı yoxdur, ancaq hakimiyyət bütün ehtimallara hazır olmalıdır.

Əks-kəşfiyyatçının fikrincə, İŞİD daha fərdlərin İnternet vasitəsilə radikallaşdırılmasıyla kifayətlənmir, “daha böyük hücumlara çalışır”. Onun sözlərinə görə, qruplaşma Suriyada təlim görmüş ekstremistləri hücumların həyata keçirilməsi məqsədilə Şimali Avropaya gətirir.