Vəkil Penitensiar Xidmətdən cavab gözləyir

İlqar Məmmədov məhkəmədə

-

«Mən müdafiə etdiyim İlqar Məmmədovla görüşmək üçün Penitensiar Xidmətdən cavab gözləyirəm». Bunu AzadlıqRadiosuna vəkil Fuad Ağayev bildirib.

O, yada salıb ki, martın 7-də İ.Məmmədovla görüşmək üçün cəzaçəkmə müəssisəsinə gedib. Amma həbsxana rəhbərliyi vəkilin müdafiə etdiyi şəxslə görüşməsi üçün məktub tələb edib:

«Bu məktub tələb edilməsi əsassızdır. Görünür, burada başqa mətləblər var. Mən məktubu 2014-cü ildə təqdim etmişəm və məktub yetərlidir».
Vəkil daha sonra deyib: «Hazırda Avropa Şurası Nazirlər Komitəsinin Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının icrası ilə bağlı toplantısı gedir. Toplantı martın 8-dən başlayıb və 10-una kimi davam edəcək. Bu müstəvidə Nazirlər Kabineti Avropa İnsan Haqları Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarlarını baxır».

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkili ittihamı ilə həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İlqar Məmmədovun Konvensiyanın 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə hüququ) və 18-ci (hüquqların məhdudlaşdırılması hüdudları) maddələrində nəzərdə tutulan hüquqlarının pozulduğunu etiraf edib.

AŞ Nazirlər Komitəsi bir neçə dəfə Azərbaycan hökumətini İlqar Məmmədovla bağlı Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.