Akif Çovdarov həbsdə qaldı

-

Bakı Apellyasiya Məhkəməsi ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi, general-mayor Akif Çovdarovu azadlığa buraxmayıb.

Məhkəmə A.Çovdarov barəsində seçilən həbs qətimkan tədbirinin müddətinin uzadılmasından verilən apellyasiya şikayətini əsassız hesab edib.

Report-un xəbərinə görə, Səbail Məhkəməsinin A.Çovdarovun həbs müddətinin 3 ay artırılması ilə bağlı qərarı qüvvədə saxlanılıb.

Ləğv edilən MTN-in energetika və nəqliyyat sahələrində təhlükəsizlik baş idarəsinin sabiq rəisi 2016-cı ilin noyabrında 3 aylığa həbs olunmuşdu. Sonradan həbs müddəti daha 3 ay artırılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311 (rüşvət), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə işi açılıb.

“MTN işi” ilə bağlı 2015-ci ilin oktyabrında açılan cinayət işi üzrə 65 nəfər zərərçəkən şəxs qismində tanınıb. 20 nəfər isə həbs olunub. Onlardan bir çoxunun həbs müddəti uzadılıb.

Milli Təhlükəsizlik Nazirliyi ləğv ediləndən sonra, onun bazası əsasında 2 qurum yaradılıb. Bunlar Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətidir.