-
“Günəşli” yatağında baş vermiş qəzada xəsarət alan neftçilər müalicə olunan zaman əmək haqları doğru hesablanmayıb. Bu onların ailə büdcəsinə mənfi təsir göstərib.
Bu fikirlər SOCAR-ın rəhbər şəxslərinin “Günəşli” qəzası zamanı iş başında olan neftçilərlə görüşündə səslənib.
Bu haqda SOCAR-ın saytı xəbər verir.
Neftçilər bildiriblər ki, müalicə aldıqları dövrdə əmək haqları xəstəlik vərəqəsi üzrə hesablanıb. İşləmədikləri üçün SOCAR tərəfindən verilən gündəlik yemək pulları, həmçinin, taarif maaşı üzrə dəniz əmsalları nəzərə alınmayıb.
Neftçilər qəza nəticəsində əmək qabiliyyətlərini müvəqqəti itirdiklərini, onlara buna görə müavinət şəklində maddi yardım göstərilməsini xahiş ediblər.
SOCAR-ın əlaqəli rəsmiləri əmək haqlarının qanunvericiliyə uyğun hesablandığını, bununla belə araşdırma aparılacağını deyiblər.
Martın 9-da SOCAR-ın mərkəzi ofisində neft şirkətinin rəhbər şəxsləri ilə neftçilərin görüşü keçirilib. Görüşdə qəzanın nəticələrinin aradan qaldırılması, itkin düşən neftçilərin tapılması ilə bağlı görülən işlər barədə məlumat verilib.
2015-ci il dekabrın 4-də “Neft Daşları”nda vaqon-otaqda olan 3 fəhlə qasırğa nəticəsində dənizə düşüb. Axşamüstü isə “Günəşli yatağındakı 10 saylı platformada yanğın baş verib. Bu yanğın nəticəsi 34 nəfəri xilas etmək mümkün olub. 30 nəfər isə itkin sayılırdı. Onlardan 13-nin meyiti aşkarlanıb.