-
Rəsmi qəzetlər prezidentin qəbullarına, digər media sosial problemlərə geniş yer ayırıb.
MULTİKULTURALİZMİN AZƏRBAYCAN MODELİ...
«Azərbaycan» qəzetində Qəbələdə keçirilən «Multikulturalizmin Azərbaycan modeli: dünyanın mükəmməl nümunəsi» adlı konfransdan irihəcmli məqalə dərc edilib. Məqalədən bir sitat:
«Bu konfransın ən əlamətdar məqamlarından biri ondan ibarətdir ki, çıxış edənlərin əksəriyyəti Qəbələdə yaşayan millətlərin nümayəndələri idilər. Onlar Azərbaycanda multikulturalizmin həyat tərzi kimi tətbiqini hamıdan yaxşı bilirlər. Bunu hamıdan yaxşı söyləyirlər».
HÖKUMƏTİN TƏBLİĞATI «FONTAN VURUR»
«Azadlıq» qəzeti bu gün – martın 10-da başlayan «IV Bakı Qlobal Forumu» haqqında məqalə dərc edib: «Hər dəfə ölkəmizdə Forum keçiriləndə hökumətin təbliğatı «fontan vurur». Hökumət mətbuatı, telekanalları bəh-bəhlə təqdimat verirlər».
«Sabiqlərin Bakı Forumu Azərbaycana nə verib» sərlövhəli müəllif yazısında daha sonra qeyd edilir ki, hakimiyyət, əslində, dünyaya inteqrasiyada maraqlı olmadığı üçün bu tədbirlərin müsbət nəticəsi olmur:
«Əminliklə demək olar ki, bu tədbirlər görüntü yaratmaq üçündür. Hökumət göstərmək istəyir ki, qlobal problemlərin həlli Azərbaycanda müzakirə edilir. Reallıqsa budur ki, Azərbaycan çoxqütblü dünyadan kənarda qalıb».
İXRACIN ENMƏSİ İFLASDIR
«Əgər ixrac enərsə, o zaman iqtisadi iflasdan qaça bilməyəcəyik. Bizim əsas bazar Rusiya bazarıdır. Bu bazarda hazırda xarici mala, o cümlədən Azərbaycan malına tələbatın endiyini görürük. Bu, təkcə ərzağa aid deyil, valyuta kursunun dəyişməsi bu məsələdə böyük rol oynayıb».Ekspert Nəriman Ağayev ölkənin xarici ticarət durumunu «Exo» qəzetinə belə dəyərləndirib.
Yeni bazarların əldə edilməsini çıxış yolu sayan ekspert ötən illərlə müqayisədə bunun heç də asan olmayacağını vurğulayır.
N.Ağayev yada salır ki, Azərbaycanın ticarət dövriyyəsində MDB-nin – 9.6 faiz, Avropa Birliyinin – 48.2 faiz, digər ölkələrinsə 42.2 faiz payı var:
«Dünya siyasətçiləri xammal və maliyyə bazarlarındakı təlatümlərin yaratdığı iqtisadi artımın azalmasına və yeni təhlükələrə qarşı təcili tədbirlər görməlidir. İndi iqtisadi fəallığı qəti şəkildə dəstəkləmək və dünya iqtisadiyyatında daha sabit yer tutmağı təmin etmək lazımdır».
BAKININ BAŞ PLANI VAR, YA YOX?
«Novoye Vremya» qəzeti Bakının baş planının olmadığına diqqət çəkir və yazır ki, belə plan olsaydı, Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov «Baş Plan» əsasında görüləcək işlərdən, Nazirlər Kabineti isə paytaxtın ayrı-ayrı rayonlarındakı söküntülərdən söz açmazdı. Məqalədə Arxitektorlar Birliyinin sədri Elbəy Qasımzadənin də baş plan haqqında fikri diqqətə yetirilir:
«Bakının Baş Planı sosialist dövləti dövründə yaradılıb. Amma yeni kapitalist münasibətlərinə cavab verən Baş Plan mövcud deyil».
Deputat Vahid Əhmədovun fikrincə, baş planın digər qurumlarla razılaşdırılmaması çaşqınlıq törədir: «Əgər Bakının Baş Planını Nazirlər Kabineti təsdiq etməyibsə, bu o deməkdir ki, o sadəcə yoxdur və mövcud deyil».
MÜSTƏQİL VƏKİLLİK İNSTİTUTU SIRADAN ÇIXARILIR
«Yalnız Vəkillər Kollegiyasının üzvü olan şəxs vəkil kimi fəaliyyət göstərə bilər. Bu məsələ Cinayət Prosessual Məcəlləsinə edilən dəyişiklikdə əksini tapır». Sitat«Bizim yol» qəzetində vəkillik institutu mövzusundan bəhs edən məqalədən götürülüb. Sözügedən dəyişiklik inhisarçılığa meyl sayılır:
«Hüquqşünaslar bu müddəanı müdafiə sektorunun inhisara alınması kimi dəyərləndirirlər».
Vəkil Q. Məmmədov qəzetə bildirib ki, bununla vətəndaşın Konstitusiya ilə təsbit edilən müdafiə hüququ kobud şəkildə pozulur.
Başqa bir vəkil - A.İsmayılov müstəqil vəkillərin sıxışdırılması ucbatından minə yaxın insana hüquqi yardım etmək imkanının olmadığına diqqət çəkir: «Məqsəd Azərbaycanda insanları müdafiəsiz qoymaqdır».