BMT-nin baş katibi Ban Ki Moon İranı müdrüklük göstərməyə və gərginliyi artıran hərəkətlərdən çəkinməyə çağırıb.
Bu barədə martın 10-da jurnalistlərə onun sözçüsü Stephane Dujarric məlumat verib.
O bildirib ki, baş katib İrana qarşı sanksiyaların qaldırılmasını regionda müsbət addım kimi dəyərlədirir və Tehranı tələsik addımlarla gərginliyi artırmamağa çağırır.
İran xarici işlər nazirliyinin sözçüsü Hossein Jaberi Ansari isə bundan əvvəl ölkəsinin keçirdiyi ballistik raket sınaqlarının dünya ölkələri ilə imzaladığı nüvə sazişi və BMT qətnamələrinə zidd olmadığını bildirib.
Qeyd edək ki, İran martın 8 və 9-da bir neçə ballistik raketin sınağını keçirib.
Ansari ölkəsinin raket proqramını davam etdirəcəyini deyib.