Sabiq TQDK işçisinə cinayət işi açılıb

Elnur Nağızadə

-

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçmiş mətbuat katibi Elnur Nağızadə ilə bağlı daxil olmuş şikayət əsasında cinayət işi başlanıb.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində şikayətə görə, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, saxta sənədlərdən istifadə etmə) maddələri ilə işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya xəbəri təsdiq edib.

Bir müddət öncə, Bakı sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildirərək hüquq mühafizə qurumlarına şikayət etmişdi. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini iddia edirdilər.

Ancaq Elnur Nağızadə mətbuata açıqlanmasında şikayəti əsasız sayaraq ona böhtan atıldığını bildirirdi.

Bu günlər, oxşar iddia Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş Aparat rəhbərinə qarşı da səslənib.