SOCAR almağa qaz axtarır

Rövnəq Abdullayev

-

SOCAR 3 milyard kubmetrədək təbii qaz almağı nəzərdə tutur.

AZƏRTAC-ın xəbərinə görə, SOCAR prezidenti Rövnəq Abdullayev deyib ki, neft hasilatı zamanı laylara vurmaq üçün qaz lazımdır.

“Laylara nə qədər çox qaz vurulsa, neft hasilatını bir o qədər stabil saxlamaq olar. Həmçinin, SOCAR-ın yeraltı qaz anbarları var və onların imkanları böyükdür. Həmin anbarlar 5 milyard kubmetr həcmində qazı saxlamaq iqtidarındadır. Bu anbarlara əlavə həcmdə qazın vurulması da planlaşdırılır”

SOCAR prezidenti deyib ki, qaz üçün “Qazprom” şirkətinə təkliflər verilib.Bununla yanaşı İran ilə də müzakirələr aparılır:

“İranda yay aylarında böyük həcmdə qazdan istifadə olunmur, istehlakın pik həddi isə qış fəslindədir. Hazırda müxtəlif variantlar nəzərdən keçirilir”

Ötən həftə Rusiyanın iri Qazprom şirkətinin rəhbəri Viktor Zubkov “Azərbaycan bizdən qaz alır-ildə 2 milyard kubmetr. Bizim 2025-ci ilə qədər müqaviləmiz var” - demişdi.

Bir qədər öncə isə SOCAR Gürcüstana əlavə 500 milyon kubmetr qaz satılması ilə bağlı bu ölkə ilə razılığa gəlmişdi. R.Abdullayev deyirdi ki, Azərbaycan ildə Gürcüstana 3 milyard kubmetr qaz satır.

Azərbaycan Gürcüstandan başqa ölkələrə də qaz satır.

Bəzi iqtisadçılar belə olan halda Azərbaycanın Rusiyadan qaz almasını həmin ölkəyə güzəşt kimi yozurlar.