İrana görə sözləri çəp gəldi

Samantha Power (sağda) və Vitaly Churkin (arxiv fotosu)

-

Martın 14-də BMT-nin Təhlükəsizlik Şurasında Birləşmiş Ştatlar və Rusiya İrana görə mübahisə edib. İran ötən həftə ballistik raket sınağı keçirib. BMT Təhlükəsizlik Şurası da bu sınağın BMT qətnaməsini pozub-pozmadığını müzakirə edib.

Ötən il imzalanmış nüvə sazişi də İranı nüvə silahlı daşımağa qadir hər hansı ballistik raket buraxmamağa çağırırdı. Rusiya qapalı görüşdən sonra deyib ki, sınaq nə qətnaməni, nə də həmin sazişi pozmayıb.

Birləşmiş Ştatlar isə raket sınağının qətnaməni pozduğunu bildirib və Şuranı dərhal əlavə sanksiya qoymağa çağırıb. ABŞ-ın BMT-dəki səfiri Samantha Power bildirib ki, həmin raketlərin “nüvə silahı daşımaq qabiliyyəti” olub və sınaq təhlükəli və təxribat xarakterlidir.

Rusiyanın BMT-dəki elçisi Vitaly Churkin-in sözlərincə, Moskva raketlərin nüvə silahlı daşıya bilməsinə dəlil görmür və qətnamə də pozulmayıb.