-
«Beynəlxalq hüquq çərçivəsində məhkumların öz ölkəsinə verilməsi prosesi genişlənib. Bununla bağlı nazirliyə 17 min sorğu gəlib». Bu açıqlamanı Ədliyyə nazirliyi yayıb.
Ədliyyə Nazirliyi bildirir ki, bu sahədə Rusiya, Ukrayna, Litva, İran, Pakistan və Çin ilə müqavilələr bağlanıb. Üstəlik, Azərbaycan Avropa və MDB-nin uyğun konvensiyalarının iştirakçısıdır. Bu sənədlər əcnəbi məhkumların cəzalarının qalan hissəsini çəkmək üçün vətəndaşı olduqları ölkələrə verilməsi və onların hüquqlarının qorunması baxımından əhəmiyyət kəsb edir.
«Son 5 il ərzində Ədliyyə Nazirliyi 167 əcnəbi məhkumun təhvil verilməsinə, xaricdə cəza çəkən 240 azərbaycanlının isə ölkəyə gətirilməsinə nail olub. Bu tədbirlər, ilk növbədə, məhkumların və onların ailə üzvlərinin mənafelərinin təmin olunmasına xidmət edir»,-deyə nazirliyin açıqlamasında qeyd edilir.
Bu il dövlət başçısı İlham Əliyevin İrana rəsmi səfərinin də bu ölkə ilə Azərbaycanın hüquqi sahədə əməkdaşlığına əlavə təkan verdiyi bildirilir. Novruz bayramı ərəfəsində İranda cəza çəkən 6 azərbaycanlı Azərbaycana, 26 İran vətəndaşı isə öz ölkəsinə təhvil verilib.