Fəalı döydülər, yumurta, boya atdılar

Igor Kalyapin hücumdan sonra

-

Rusiyanın aparıcı insan haqları fəalı Çeçenistanda maskalı şəxslərin hücumuna məruz qalıb. O, qaldığı oteldən çıxarılıb, üzünə yumurta, boya və tort çırpılıb.

Igor Kalyapin İşgəncələrə qarşı Komitənin rəhbəridir. Qroznıya iki ukraynalının məhkəməsini izləmək üçün gedib. Həmin ukraynalılar 1996-cı ildə birinci Çeçenistan müharibəsi zamanı Rusiya qüvvələrinə qarşı vuruşmaqda ittiham olunur.

Martın 16-da axşam, silahlı şəxslərlə müşayiət olunan otel administratoru Kalyapin-ə oteldən çıxmaq göstərişi verib. Kalyapin otelin qarşısında səkidə dayanıb. AzadlıqRadiosunun rus xidmətinin əməkdaşı 15 maskalı şəxsin ona hücum etməsinin şahidi olub. Ona yumurta, boya atıblar, yumruqlayıb, təpikləyiblər. Kalyapin elə ciddi xəsarət almayıb.

Bir həftə öncə İşgəncələrə qarşı Komitəyə məxsus, fəalları və jurnalistləri Qroznıya aparan miniavtobus 20 nəfərin hücumuna məruz qalıb. Bıçaq və dəyənəklə silahlanmış həmin şəxslər jurnalistlərin avadanlığını sındırıb və oğurlayıb.