-
Redaktor bloqu
ABŞ-ın keçmiş prezidentlərindən biri Dwight David Eisenhower Sovet İttifaqındakı sistemə münasibətdə demişdi:
"Əgər sən işləmədən tam sosial təminat istəyirsənsə, həbsxanaya get. Orada səni yedirirlər, geyindirirlər, tibbi qayğı göstərirlər və s. Çatışmayan yeganə şey azadlıq olur."
Azərbaycanda bir çox yazıçılar bu həyatı seçiblər: onlar dövlətin sosial təminatı altında yaşayırlar, dövlət onları işləməsələr, yazmasalar belə, hər bir şeylə təmin edir: ev, tibbi qayğı, xərclik. Bir gün azad insan kimi öz istədikləri başqa bir şeyi yazsalar, hamısı əllərindən alınır. Necə ki, Əkrəm Əylislidən alındı.
Yazıçılar o uniformanı əyinlərinə geyiniblər, o ierarxiyaya hörmət, o qaydalara riayət etməlidirlər.
Lap Norveç həbsxanaları kimi: hər bir şəraitin, internetin, bağ-bağatın, kitabxanan, tibbi qayğın, qəzetlərin, yazı stolun...
Ətrafda isə cəmiyyətin ən həssas insanları - yazıçılar və şairlər həyatla quduz itlə boğuşan kimi boğuşurlar.
Bu iki seçimi görən gənc Azərbaycan şairləri və yazıçıları da ulartı gələn tərəfə getməyə qorxub, işıq gələn tərəfə gedirlər. Daha xəbərləri yoxdur ki, işıq divin evindən gəlir.
Təkcə yazıçı kollektivi deyil, Azərbaycanda bir çox kollektivlər konseptual həbsxanalardır. İnsanlar özləri bu həbsxanaları sevirlər. Çünki bu həbsxanalar onlara həyatda təhlükəsizlik hissi və "bilirəm" duyğusu verir. Çatışmayan yeganə şey azadlıqdır.
(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)