ABŞ Suriyada federal zonaları tanımır

Arxiv fotosu

-

Birləşmiş Ştatlar Suriya daxilində özünüidarəçilik elan etmiş zonaları tanımır. Kürd partiyaları ölkənin şimalında federal sistem yaratdıqlarını elan edəndən sonra Vaşinqtondan belə bir bəyanat gəlib.

“Suriya daxilində özünü idarəedən, yarımuxtar zonaları dəstəkləmirik”, Dövlət Departamentinin sözçüsü John Kirby martın 17-də deyib. “Məqsədimiz bütöv, vahid, qeyri-təriqətçi Suriyanın mövcudluğudur”.

Suriya kürdlərinin qərarını Dəməşq, Qərbin dəstəklədiyi Milli Koalisiya müxalifət qruplaşması da rədd edib. Türkiyə də belə birtərəfli addıma qarşı xəbərdarlıqla çıxış edib.

Suriyanın şimalında federal sistem planı Rmeilan şəhərində kürd, ərəb və türkmən liderlərinin görüşündə elan olunub.

Bu federal regiona Türkiyə ilə sərhəddə kürdlərin nəzarətində olan 3 bölgə, İslam Dövləti (İŞİD) silahlı qruplaşmasından alınmış ərəb və türkmən əraziləri daxildir.

Suriyanın kürd siyasi qrupları BMT-nin vasitəçiliyi ilə Cenevrədə keçirilən danışıqlara salınmayıb.