Jurnalistin məhkəməsi olacaq

Nicat Əliyev

-

"Azadxeber.org" saytının redaktoru Nicat Əliyev yenidən məhkəmə qarşısına çıxır. Ali Məhkəmədə jurnalistin kassasiya şikayətinə baxılacaq. Bu barədə AzadlıqRadiosuna Nicat Əliyevin vəkili Yalçın İmanov məlumat verib.

Vəkil bildirib ki, jurnalistin işinə aprelin 7-də İnqilab Nəsirovun sədrliyilə baxılacaq.

Bakıda keçirilən "Eurovision"a hökumətin böyük vəsait xərcləməsini tənqid edən Nicat Əliyev elə yarışma ərəfəsində - 2012-ci il mayın 20-də narkotik saxlama ittihamı ilə həbs olunub. Sonradan ona qarşı CM-nin 281-ci (dövlət əleyhinə çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə də ittihamlar irəli sürülüb. İttihama görə, Nicat Əliyev və onunla birlikdə mühakimə olunan daha doqquz dindar Azərbaycan hakimiyyətinin siyasətini tənqid edən vərəqə və videodisklər yayıblar.

Nicat Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.