-
ABŞ-da prezidentliyə respublikaçılardan namizəd Donald Trump deyir ki, Birləşmiş Ştatlar NATO-ya xərcləri ciddi şəkildə azaltmalıdır.
“Yəqin ki, daha bunun öhdəsindən gələ bilməyəcəyik”, Trump martın 21-də “Washington Post”a deyib. “NATO bizə böyük məbləğə başa gəlir. Biz Avropanı NATO-yla qoruyuruq, ancaq xeyli pul xərcləyirik”.
Birləşmiş Ştatlar uzun müddətdir NATO müttəfiqlərini bu alyansa xərclərini artırmağa çağırıb. Ötən il NATO xərclərinin 72 faizi ABŞ-a məxsusdur.
NATO ölkələri alyansa xərclərinin məbləğini ümumdaxili məhsulun 2 faizinə çatdırmağa boyun olublar. Ancaq hələlik üzvlərdən beşi bunu həyata keçirib: Britaniya, Estoniya, Yunanıstan, Polşa və Birləşmiş Ştatlar.
Trump CNN-ə müsahibəsində deyib ki, ABŞ xərcləri qeyri-mütənasib şəkildə aparır. O, NATO-dan çəkilməklə yanaşı, Rusiya Prezidenti Vladimir Putin-lə daha sıx işləməyə çağırır.