Putin kürdlərin xilaskarı ola biləcəkmi?

Suriyada kürd döyüşçüləri.

-

İŞİD-in İstanbuladək uzanan əlləri; Putin-in Suriyada master-planı; AB-dən 80 min əfqan deportasiya olunacaq – 22 mart Qərb mediasının icmalı.

«Türkiyə ötən ilin noyabrında Suriya ilə sərhəddə Rusiya təyyarəsini bir ümidlə vurdu ki, Moskvanın Suriyada ipini çəksin. Ancaq əks bir prosesə təkan vermiş oldu. Vladimir Putin Yaxın Şərqdə sərhədlərin yenidən çəkilməsi prosesinin sükanı arxasına keçdi». Bunu «The Newsweek» dərgisində Michael A.Reynolds yazır.

Müəllif Putin-in Türkiyədəki kürd qruplarıyla əlaqələri genişləndirməsinə diqqət çəkir. Türkiyənin kürdpərəst Xalq Demokratik Partiyası (HDP) və Suriyada Kürdlərin Demokratik Birlik Partiyası (PYD) Moskvada ofislərini açıblar. Rusiya təkcə diplomatik dəstəklə kifayətlənməyib. Xarici işlər naziri Sergei Lavrov Rusiyanın İraq kürdlərinə silah verdiyini də təsdiqləyib. Bütün bunlar da Ankaranı əndişələndirməkdədir.

Yazı Rusiyanın tarixən kürdləri himayə etməsindən, Çar ordusunun Osmanlı türklərinə və farslara qarşı müharibələrdə kürd döyüşçülərdən yararlanmasından söz açır. Sovet İttifaqı dağılandan sonra da Moskva PKK ilə əlaqələri kəsmədi.

«Bu gün İraq, Suriya, Türkiyə, hətta İrandakı kürdlər Yaxın Şərqdə daha güclü və vacib oyunçulardır. Müstəqil kürd dövlətinin qurulması da daha real səslənir. NATO üzvü olan Türkiyə ilə münasibətləri üzündən ABŞ müstəqil kürd dövlətini dəstəkləməyə bilər. Ancaq Rusiya daha azad şəkildə suveren Kürdüstanın arxasında dura bilər».

«Qısası, Putin Rusiyanın kürdlərlə əsrlərə dayanan münasibətini kulminasiya nöqtəsinə çatdıra, bununla da Türkiyəyə ağır zərbə vura bilər. Türkiyə prezidenti Recep Tayyip Erdoğan və baş nazir Ahmet Davutoğlu açıq şəkildə Osmanlı Sultanı II Abdülhamid-ə rəğbətlərini gizlətmirlər. Elə həmin Sultanın dövründə Rusiya silahları və diplomatiyası sayəsində Bolqarıstan, Rumıniya və Serbiya müstəqillik əldə etdi. Yəqin Kürdüstan öz xilaskar Çarının yolunu gözləməkdədir».

İstanbulda terror - 19 mart 2016

İŞİD-İN İSTANBULADƏK UZANAN ƏLLƏRİ

«Kimsə düşünür ki, Amerika Yaxın Şərqdə müharibələrə göz yummalıdır. Elə prezident Barack Obama, yaxud respublikaçılardan namizəd Donald Trump bu cür düşünənlər sırasındadır. Qoy indi onlar «İslam Dövləti» (İŞİD) qruplaşmasının əlinin... Kaliforniyadan Brüsselə, oradan da İstanbula necə çatmasına tamaşa etsinlər».

«The Wall Street Journal» İstanbulda ötən şənbə törədilən partlayışın arxasında İŞİD üzvünün dayanmasından, Brüsseldə ötən cümə polisin Salah Abdeslam adlı şəxsi saxlamasından söz açır. Sonuncunun Parisdə 13 noyabr cihadçı hücumunda iştirak etdiyi bildirilir. Bu həbs İŞİD-in Avropa şəbəkələri barədə vacib kəşfiyyat məlumatını ortaya çıxara bilər. Ötən çərşənbə axşamı ABŞ Federal Təhqiqatlar Bürosu 18 yaşlı bir nəfəri saxlayıb. Ötən ilin noyabrında Kaliforniya Universitetində 4 nəfəri bıçaqlamış həmin şəxsin terror təbliğatından ruhlandığı və radikallaşdığı bildirilir.

Bununla da ABŞ-da 2014-cü ilin oktyabrından bəri İŞİD təbliğatı nəticəsində törədilən hücumların sayı beşə çatıb.

«Radikallaşma halları zorakılığa çevrilməyənədək onları aşkarlamaq çətin məsələdir. Ancaq İŞİD-in cihadçılara yönəlik kampaniyasını önləməkdən ötrü onlara qarşı hərbi əməliyyatlar gücləndirilməlidir. Prezident Obama-nın İraqdan çıxması və Suriyadan imtinası İŞİD-in kök salmasına, genişlənməsinə gətirdi. İndi isə o, postundan getməmişdən öncə amerikalıları qorumaq vəzifəsini yerinə yetirməyə çalışmalıdır», - «The Wall Street Journal» yazır.

Vladimir Putin Kremldə Bashar al-Assad-ı qəbul edir - 2015

PUTIN-İN SURİYADA MASTER-PLANI

«Foreign Policy» dərgisində Randa Slim Rusiya prezidenti Vladimir Putin-in Suriyadan çıxmaq qərarını şərh edir. Müəllifin fikrincə, nə qədər silahlı qüvvənin çıxarıldığı hələlik bilinmir, ancaq yenə də asanlıqla təxmin etmək olar ki, bu çəkilmə ABŞ-ın 2011-ci ildə İraqdan çıxmasına bənzəyir. Putin Suriyada kifayət qədər qüvvə saxlayacaq ki, istədiyi vaxt hərəkətə keçə bilsin.

«Bu qismən çəkilmənin Suriya müharibəsində müxalifətin mövqeyini gücləndirəcəyi barədə deyilənlər arzudan başqa bir şey deyil. Moskva Suriyaya girdi ki, prezident Bashar al-Assad rejiminin hərbi məğlubiyyətinin qarşısını alsın və onun hakimiyyətdə uzun müddətə qalmasını təmin etsin. Rusiyanın Suriya siyasətinin əsas hədəfləri bunlardır. Moskva hədəflərinə çatdığını düşünür – ancaq rejimə təhlükə olduğunu düşündüyü an əsgərlərini heç tərəddüd etmədən bu ölkəyə göndərəcək».

«Putin indilik inanır ki, Assad-ın mövqeyi təhlükəsizdir. O, quruda hərbi durumu və geosiyasi reallıqları nəzərə alır. Birləşmiş Ştatlar Suriyada hərbi əməliyyatlar aparmağa meylli deyil. Moskva əmindir ki, bu tezliklə Suriyada rejimə yeni bir təhlükə yaranmayacaq», - müəllif yazır.

Makedoniyada əfqan qaçqınlar.

AB-DƏN 80 MİN ƏFQAN DEPORTASİYA OLUNACAQ

Yaxın gələcəkdə Avropadan 80 mindən artıq əfqanın deportasiyası nəzərdə tutulur. «The Telegraph» bunu Avropa Birliyinin (AB) gizli planına əsasən yazır.

Sənəddə deyilir ki, Kabil hökuməti minlərlə əfqanın deportasiyasına razılaşmasa, Avropa Komissiyası Əfqanıstan ÜDM-sinin 40 faizinə bərabər yardımı kəsməklə hədələməlidir. Mediaya sızmış sənəddə o da etiraf olunur ki, həyata keçəcəyi halda, bu plan ölkəni çökdürə bilər.

Sənədi Avropa Komissiyası və qurumun xarici siyasət qanadı olan Xarici Fəaliyyət Xidməti hazırlayıb və martın 3-də səfirlərə göndərilib.

Ötən il «Taliban»ın hücumlarının artması Əfqanıstanda 11 min dinc sakinin ölümüylə sonuclanıb. Sənəddə belə bir xəbərdarlıq yer alıb ki, Avropaya axın güclənə bilər. Hazırda Əfqanıstanın özündə 1.1 milyon məcburi köçkün, Pakistan və İranda isə 5.4 milyon əfqan qaçqın var.