Partiya quruculuğuna start verən Respublikaçı Alternativ (ReAl) hərəkatında yeni kadr təyinatları olub. Bu haqda hərəkatın press-relizində xəbər verilir.
Martın əvvəlində yaradılan təşkilat komitəsinin hazırda həbsdə olan sədri İlqar Məmmədov yeni təyinatlarla bağlı təqdimat verib. Təqdimatlara əsasən Azər Qasımlı ictimai-siyasi məsələlər, Natiq Cəfərli təşkilati məsələlər, Erkin Qədirli konseptual məsələlər, Xalid Bağırov isə hüquqi məsələlər üzrə katib təyin edilib.
2008-ci ildə təsis edilmiş Respublikaçı Alternativ hərəkatına İlqar Məmmədov rəhbərlik edir. İlqar Məmmədov 2013-cü il yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkili ittihamı ilə həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O, 7 il müddətinə azadlıqdan məhrum edilib.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İlqar Məmmədovun Konvensiyanın 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə hüququ) və 18-ci (hüquqların məhdudlaşdırılması hüdudları) maddələrində nəzərdə tutulan hüquqlarının pozulduğunu etiraf edib.
AŞ Nazirlər Komitəsi bir neçə dəfə Azərbaycan hökumətini İlqar Məmmədovla bağlı Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.