-
Binəqədi rayonunda yağış nəticəsində fərdi yaşayış evlərinin həyətlərini su basıb, vətəndaşlar köməksiz vəziyyətdə qalıblar.
Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, sakinlərin müraciəti üzrə nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin qüvvələri yardım işlərinə cəlb olunub.
Nazirlik xilasedicilərin evlərdə köməksiz vəziyyətdə qalan vətəndaşlara yardım edildiyini bildirir.
Martın 29-da yağan yağışlar paytaxtın əksər küçələrini gölməçələrə çevirib, piyada və nəqliyyatın hərəkətini çətinləşdirib. Turan İnformasiya Agentliyi xəbər verir ki, bəzi yerlərdə suyun səviyyəsi avtomobillərin təkərlərindən yuxarı qalxıb. Bu da onların küçənin ortasında qalmasına səbəb olub.
Bayıl, “Çermet” qəsəbəsi, Ziya Bünyadov prospekti, Sabunçu, Binəqədi, Yasamal rayonlarında, Xırdalanda vəziyyət daha pis olub.
ANS TV-də yayılan xəbərə görə, “Azərsu”ASC-dən onlara bildiriblər ki, kanalizasiyalarda problem yoxdur. Küçələri su basması yol çəkilişi zamanı süzgəclərin quraşdırılmamasından irəli gəlir. Yolların çəkilişinə cavabdeh olan ”Azəryolservis” ASC-dən isə onlara kanalizasiya və yolları su basmasına görə, “Azərsu”ASC-nin cavabdeh olduğunun deyildiyi bildirilib.