Özünü asdığı bildirilir

Foto illüstrasiya

-

Martın 29-da Şamaxı rayonunda intihar hadisəsinin baş verdiyi bildirilir.

“APA” informasiya agentliyinin xəbərinə görə, hadisə Şamaxı şəhərinin Şirvan küçəsindəki 7 saylı evdə qeydə alınıb. 52 yaşlı İlham Faiq oğlu Eyvazovun həyətdəki yardımçı tikilidə asılmış meyiti aşkarlanıb. Rayonda ev ustası işləyən İlham Eyvazovun ölüm səbəbi, hələlik, açıqlanmır.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Martın 29-da ölkədə daha iki intihar xəbəri yayılmışdı.

Tovuz rayonunda Hilal Bağırov adlı şəxsin körpüdən, Bakıda isə bir tibb bacısının özünü 16 mərtəbəli binanın 7-ci mərtəbəsindən atdığı deyilirdi.

Son vaxtlar ölkə mətbuatında intiharlarla bağlı tez-tez xəbərlər yer alır. Ancaq ölkədə intiharların rəsmi statistikası aparılmır. Mətbuatda gedən araşdırmalara görə, insanlar daha çox maddi problemlər üzündən canlarına qıyırlar.