-
Rusiyada seçkinin incə manipulyasiyası; İşgəncə bu ölkə həbsxanalarının normatividir – 30 mart Qərb mediasının icmalı.
«The Wall Street Journal» yazır ki, Suriya, Əfqanıstan və başqa ölkələrdən gəlib Yunanıstanda «ilişmiş» miqrantlar Avropa ölkələrinə yol tapmaqdan ötrü yenə də qaçaqçılara üz tuturlar. Onlar isə hər bir ölkə üçün fərqli qiymət oxuyurlar.
Fevralda qaçaqçı şəbəkələrin liderləri Afinada əfqan restoranına yığışıb bizneslərinə uğur gətirəcək bir xəbəri bayram ediblər. Makedoniya da Yunanıstanla sərhədi bağlayıb axı. İndi Avropanın şimalına əsas marşrut xətti bağlıdır. Ötən il bu yolla bir milyon qaçqın və miqrant keçmişdi. Beləliklə, Yunanıstanda 50 min miqrant «ilişib qalıb» və onların yeganə ümid yeri qaçaqçılardır.
«Viktoriya» meydanında bir köşk sahibi deyir ki, bura əsl insan bazarıdır. Polis ərazini təmizləyir, onlar qaçıb künc-bucaqda gizlənirlər, bir neçə dəqiqədən sonra qayıdırlar.
Ali adlı bir nəfərin 30 əfqan müştərisi təzəlikcə Almaniyaya çatıb. Yəni Ali 54 min avro (60 min 280 dollar) gəlir əldə edəcək. O, əfqan restoranında quzu ətiylə düyü yediyi bir vaxtda mobilinə zəng gəlir. Biri deyir ki, saxta pasportla, təyyarəylə Almaniyaya uçmaq istəyir. «4 min 700 avroya başa gələcək», - deyən Ali tələsik işinin dalınca çıxır.
Ancaq 22 yaşlı Arash kimi qaçaqçıların istədiyi pulu verə bilməyənlər də var. Onlar aylarla ortalıqda gəzib dolaşırlar.
Avropa hökumətləri açıq marşrutları bağlayandan qaçaqçılar yeni yollar cızırlar. Afinada qaçaqçılar konkret tariflər də müəyyənləşdiriblər:
- İtaliyaya yük maşını, yaxud dəniz yolu: €1000 –€1200
- Almaniya və ya İsveçrəyə Balkanlardan keçən piyada və maşın yolu: €1500 – €2000
- Norveç və ya İsveçə Balkanlardan keçən piyada və maşın yolu: €2500-dək
- Almaniyaya Balkanlardan keçən yük maşını yolu: €2500-dək
- Almaniya, Norveç və ya İsveçə təyyarə uçuşu: €3500 – €5000
- Kanadaya təyyarə reysi: €14000-dək.
RUSİYADA SEÇKİNİN İNCƏ MANİPULYASİYASI
«Stratfor» Araşdırmalar Mərkəzi Rusiyada sentyabrda gözlənilən parlament seçkiləri ilə bağlı proqnozlarını dərc edib. Təhlildə deyilir ki, ölkənin iqtisadi çətinlikləri hakim Vahid Rusiya Partiyasına ictimai dəstəyə zərbə vuracaq. Kreml də məcbur olacaq ki, bu partiyanın seçkidə çoxluğu qazanmasından ötrü tədbirlər görsün.
«Seçkinin açıq-aşkar manipulyasiyası kütləvi etirazlara gətirə bilər. Əvəzində Kreml istədiyi nəticəni əldə etmək üçün pərdəarxası siyasi sövdələşmələrə və seçki sisteminə yüngül dəyişikliklərə gedə bilər. Bu nəticə prezident Vladimir Putin-in 2018-ci ildə təkrar seçkiyə getməyə yetərli siyasi gücünün olub-olmamasını da üzə çıxaracaq».
Təhlildə vurğulanır ki, rusiyalılar ölkə çiçəkləndiyi bir dönəmdə seçki saxtakarlığına göz yumublar. Kreml 2011-ci ildə parlament seçkilərini saxtalaşdırmağa cəhd edəndə, ölkədə kütləvi etirazlar aylarla sürdü. Putin bəzi güzəştlərə getməyə məcbur oldu. Bu il isə Kreml həm nəticələrə nəzarət etmək istəyir, həm də etirazlardan qaçmağa çalışır.
Vladimir Churov Mərkəzi Seçki Komissiyasına rəhbərlikdən uzaqlaşdırıldı və onun yerinə insan haqları ombudsmanı Ella Pamfilova gətirildi. Məqsəd daha çox seçiciləri sakitləşdirmək, onları seçkiyə getməyə həvəsləndirməkdir.
Putin hökuməti qanunvericiliyə də dəyişikliklər edir. Dövlət Dumasındakı 450 yerin yarısı birbaşa səsvermə, digər yarısı isə partiya siyahıları üzrə seçiləcək. Partiyalar 5 faizlik baryeri aşmalıdırlar. Majoritar yolla seçki siyasi liberallıq kimi görünə bilər. Ancaq məsələn, 2003-cü ildə bu üsuldan da qazanan Vahid Rusiya Partiyası olub. Tanınmış siyasətçilər seçkidə qalib gəlib, daha sonra hakim partiyaya qoşuldular.
Kreml siyasi partiyaların qeydiyyatına qadağaları da götürüb. 2011-ci il seçkisində 7 partiya qeydiyyatdan keçmişdisə, indi onların sayı 78-dir. Yenə də, ilk baxışda siyasi plüralizm kimi görünür, ancaq kiçik partiyalar bir-birindən səs oğurlamaqla məşğul olacaq. Kreml həm də onların koalisiya yaratmasına imkan vermir.
Üçüncüsü, bəzi partiyaların, məsələn, liberal müxalifət qruplarının liberal regionlarda kampaniya aparmasına məhdudiyyətlər qoyula bilər. Və nəhayət, seçki komissiyası müşahidəçilərin sayını azaltmaq qərarına gəlib. Onlar məntəqələr arasında koordinasiya da qura bilməyəcəklər. Medianın nəzarəti də məhdudlaşdırılır, yalnız akkreditədən keçmiş media orqanları və jurnalistlər seçkini işıqlandıra biləcək.
RUSİYA HƏBSXANALARINDA NORMATİV
«Newsweek» yazır ki, işgəncə və sui-istifadə Rusiya həbsxanalarında bir normativə çevrilib. Müəllif Marc Bennetts təbilçi Sergei Pestov-un ötən ilin sentyabrında ölümünü yada salır. Onun konsert verdiyi qaraja polis reydinin ertəsi günü meyiti aşkarlanır. Arvadı Irina meyitin üzərində zorakılıq izlərinin olduğunu bildirir. Həmin axşamkı konsertdə olmuş musiqiçilərdən biri Yekaterina Shcherbina «Newsweek»ə danışıb ki, polis əməkdaşlarından biri Pestov-un peysərindən vurub, burnundan dərhal qan açılıb. Polislər axtarış orderi təqdim etməyiblər, birindən spirt iyi gəlirmiş.
Daha sonra polis bildirib ki, Pestov 10 ildən artıq narkotik maddə qəbul etdiyini boynuna alıb və onu bir neçə saata qayıtmaq şərti ilə buraxıblar. Guya o, polis məntəqəsinə bir də qayıdanda özünü yaxşı hiss etməyib, komaya düşüb və xəstəxanaya aparılarkən yolda keçinib. Polis əməkdaşları Pestov-a əl qaldırmadıqlarını söyləyiblər.
«Hər il polisdə neçə nəfərin öldüyünü heç kim bilmir. Hakimiyyət statistika dərc etmir. Ötən il, az qala, hər gün oxşar xəbərlər gəldiyindən, müxalifətçi jurnalist Maria Berezina bu faktları sənədləşdirməkdən ötrü vebsayt yaradıb. Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, M.Berezina 2015-ci ildə polisdə 197 nəfərin öldüyünü qeydə alıb. Onun sözlərinə görə, polis faktları ört-basdır etməyə çalışdığından, bu, ölüm hallarının kiçicik bir hissəsidir. İnsan haqları fəalı Pavel Chikov isə deyir ki, Rusiya polisində zorakılıq bir normaya çevrilib və biz yalnız aysberqin üst qatını görürük».
«Newsweek» Rusiya Daxili İşlər Nazirliyindən şərh ala bilməyib.