Rusiya polisi itkin tələbəni axtarır

Sibir, arxiv fotosu

-

Rusiya polisi 3 gün öncə Sibir dağlarında şaxtalı hava şəraitində itkin düşmüş amerikalı tələbəni axtarmaqdadır.

25 yaşlı Colin Madsen martın 27-də itkin düşüb. Bir gün öncə İrkutskdan bir qrup amerikalı ilə birlikdə gəlibmiş. O, Moskva Dövlət Linqvistik Universitetinin tələbəsidir.

Rusca sərbəst danışan Madsen Sayan dağlarının ətəyində yerləşən Arşan kəndində bir qonaq evindən yoxa çıxıb. Qrupla birlikdə dağ gəzintisinə hazırlaşırmış. İstintaq Komitəsinin məlumatına görə, digərləri yuxudaykən o, evdən çıxıb və izsiz-soraqsız itib.

Xalası Associated Press agentliyinə deyib ki, Madsen “məsuliyyətli gəncdir”. Ancaq maraqlıdır ki, o, evdən paltosuz çıxıb. Tələbənin itməsindən sonra hava bərk soyuyub, qar yağıb, güclü külək əsib.