SOCAR-ın DESFA-dan pay alması yubanır

-

“SOCAR-ın Yunanıstanın qaz operatoru DESFA-da 66 faizlik pay əldə etməsi üzrə sövdələşmə prosesinin yubanmasına səbəb Avropa Komissiyasının mövqeyidir”.

Bunu Yunanıstanın ətraf mühit, energetika və iqlim dəyişikliyi naziri Panos Skurletis deyib. Trend xəbər verir ki, nazir Avropa Komissiyasının qaz operatorunda səhmlərin nəzarət paketinin SOCAR-a verilməsinin əleyhinə çıxış etdiyini bildirib.

Bu arada qərb mediası da sözügedən sövdələşməni gündəmə gətirib. Qərb mediası SOCAR-dakı mənbələrə istinadən sövdələşmənin cari ilin sonuna və ya gələn ilin əvvəlinədək yekunlaşa biləcəyini yazıb.

DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi məsələsinə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır.

2013-cü ilin iyulunda Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu qazpaylayıcı şirkətin 66 faizlik səhm paketinin SOCAR tərəfindən 400 milyon avroya alınmasına dair sövdələşməni bəyənsə də, Avropa Komissiyasının müdaxiləsi özəlləşdirməni yubadır.