Gizli iqtisadiyyat nələrə yol açır?

İlham Əliyev və John Kerry

-

JOHN KERRY-NİN HƏR BİR SÖZÜ AĞ EVİN SÖZÜDÜR

«Azərbaycan» qəzeti 1 aprel sayını əsasən dövlət başçısı İlham Əliyevin ABŞ-a səfərinə həsr edib. Qəzetin ilk səhifəsində «John Kerry: Prezident İlham Əliyevə regional təhlükəsizliklə bağlı səylərinə görə təşəkkür edirəm» adlı məqalədə Azərbaycanın dünyada rolundan söz açılır. Məqalədə yazılır: «John Kerry-nin hər bir sözü Ağ Evin –ABŞ-ın rəsmi sözüdür».

Yazıda qeyd edilir ki, prezident İlham Əliyevin ABŞ-a səfəri elə ilk gündən uğurla başlayıb: «Antiazərbaycançı şəbəkənin bütün iddialarına baxmayaraq bir daha sübut olundu ki, ABŞ Azərbaycanı özünün önəmli tərəfdaşı sayır və onu itirmək niyyətində deyil. Prezident İlham Əliyevin fəaliyyətinə dəstəyini davam etdirir, onun geosiyasi təşəbbüslərini hər zaman olduğu kimi birmənalı müdafiə edir».

ÖLKƏDƏ TƏLƏBƏ ÜSYANI YETİŞİR?

«Azadlıq» qəzetində «Ölkədə tələbə üsyanı yetişir» adlı məqalə dərc edilib. Məqalədə deyilir ki, təhsil haqlarını ödəyə bilməyən 17 min tələbə ali təhsilini davam etdirə bilməyib. Bu statistika son 3 ili əhatə edir: «Əgər əvvəlki illərdə təhsil haqqını ödəyə bilməyən tələbələrin bir çoxu banklardan kredit götürmək hesabına bu problemi həll edə bilirdilərsə, indi artıq bu da mümkün deyil».

Qəzetdə yazılanlara görə, hələ qış imtahan sessiyasında 100-lərlə tələbə təhsil haqqını ödəyə bilmədikləri üçün imtahanlara buraxılmayıb: «Təhsil haqqına görə universitetlərdən qovulma tələbələrdə ciddi narazılıq yaradıb. Onların etiraza qalxması an məsələsidir. Hətta bu məsələ ilə bağlı Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ölkə başçısı İlham Əliyevə xüsusi hesabat təqdim edib».

Monteneqroda çimərlik

Məqalədə deyilir ki, hesabatda təhsil haqqı probleminin həllinin vacib olduğu qeyd edilib: «Bu hesabat göstərir ki, dövlət qurumları da vəziyyətin acınacaqlı olmasının fərqindədir. Amma dollarla götürülən kreditlərdə heç bir güzəştə getməyən hökumətin tələbələrin təhsil haqqı məsələsində hansısa güzəştə gedəcəyi inandırıcı görünmür».

SOCAR NİYƏ SUSUR?

«Novoye Vremya» qəzeti isə «SOCAR hələ də susur» adlı məqalədə bu qurumun Çernoqoriyada kurort tikintisinə investisiya yatırmasına toxunub. Məqalədə yazılır ki, SOCAR fəaliyyətində şəffaf deyil. Azərbaycan ictimaiyyəti onun fəaliyyəti ilə bağlı əksər məsələləri ancaq xarici mətbuatdan oxuyur: «O, indi də susur. Nəyisə gizlətmək və ya nəyəsə susmaq çoxsaylı əyri düşüncələrə yol açır. Vəziyyəti aydınlaşdırmaq lazım deyilmi? İctimaiyyət bilməlidir ki, bu qurumda nə baş verir?».

Müəllif yazır ki, ölkəyə indi maliyyə resursları lazım olduğu halda, xaricə yatırım qoymağın mənası anlaşılan deyil: «Unutmayaq ki, bu dövlət şirkətinin uğurlu işindən büdcəyə gəlirlər gəlməlidir. Bu isə o deməkdir ki, bu qurum işin səmərəliyinə, qənaətə hazır, şəffaflığa, KİV-lərə və ən başlıcası xalqa açıq olmalıdır».

KÖLGƏ İQTİSADİYYATI, VERGİDƏN YAYINMA, KORRUPSİYA…

«Bizim Yol» qəzeti isə ölkədə onlayn alış-verişə problem yaradılmasından söz açır. «Banklar elektron alış-verişi öldürür» adlı məqalədə bunun mənfi tərəflərinə toxunulur: «İnsanlarda sanki kartlara qarşı antipatiya var. Kart dedikdə qorxurlar, elə bilirlər aldanacaqlar.

Onlayn ticarət

Bu, birbaşa məlumatsızlıqla bağlıdır. Hətta ölkədaxili mağazalarda da kart sistemi rahatdır. Ancaq son zamanlar problem yaradılır. Mağazada kartla alış-veriş edərkən faiz tutulur. Halbuki, bu hal kart sistemində yox idi. Bu məsələ insanları kartdan uzaqlaşdıracaq. Onsuzda insanlarımız nağd pula üstünlük verirdi, indi bununla da karta qarşı nifrət artacaq».

Bank üzrə ekspert Əkrəm Həsənov qəzetə bütünlükdə nağdsız ödənişin aşağı olmasının səbəblərini belə izah edib: «İnkişaf etmiş ölkələr elektron ticarətdən öncə nağdsız ödənişlər mədəniyyətini yaradıblar. Bizdə isə ödənişlərin əksəriyyəti nağd formada həyata keçirilir. Səbəb sadədir: kölgə iqtisadiyyatı, vergidən yayınma, korrupsiya. Digər bir səbəb banklara etimadın aşağı olmasıdır. Çıxış yolu nağdsız ödənişlər üzrə güzəştlərin tətbiqidir».

İqtisadçı Natiq Cəfərli isə bildirib ki, ABŞ-da elektron ticarət ümumi ticarətin 30-35 faizini təşkil edir: «Cəmi 5 il öncə bu, 1-2 faizdən artıq deyilmiş»,- deyə o qeyd edib.

N.Cəfərli də Azərbaycanda elektron ticarətə mane olan məqamların üzərində dayanır: «Azərbaycanda bunun inkişaf etməməsinin birinci səbəbi qanunvericiliklə bağlıdır. Bəzi aktlarda elektron ticarətlə bağlı düzənləmələrə ehtiyac var. Əsasən də Vergi Məcəlləsində. İkinci məsələ ondan ibarətdir ki, Azərbaycanda ümumiyyətlə elektron kartlarla (bank kartları ilə) alış-verişə insanlar öyrəşməyiblər. Bunu təşviq etmək lazımdır».