İnsan hüquqlarına dair Forum olacaq

Foto illüstrasiya

-

Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin (VCMK) təşəbbüsü ilə forum keçirilməsi gözlənilir.

Aprelin ortalarında keçiriləcək forumda vətəndaş cəmiyyətinin problemləri, bəzi QHT hesablarına həbslərin qoyulması, ölkədən çıxışa məhdudiyyətlər və söz azadlığı müzakirə olunmalıdır.

Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu deyib ki, bu məsələlərlə bağlı yanlış təbliğat aparılır. O, hesablardan həbslərin götürülməsi, cinayətlərə xitam verilməsi və xarici gedişə məhdudiyyətlərin qaldırılması ilə bağlı səslənən fikirləri təkzib edib. «Sözügedən problemlər qalır və QHT problemləri sırasında heç bir məsələ öz həllini tapmayıb», - deyə o qeyd edib.

«Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansının koordinatoru Oqtay Gülalıyev də eyni fikirdədir. O.Gülalıyev deyib ki, 2012-ci ildə ona qarşı qaldırılmış cinayət işi dayandırılmayıb: «Həmçinin 2013-cü ildə mənim oğluma qarşı qaldırılan uydurma cinayət işi dayandırılmayıb. O , fiziki zorakılığın qurbanı olub».

Bəzi şəxslər, o cümlədən jurnalist Aynur İmranovanın barəsində də məhdudiyyət hələ qalır. «Məhdudiyyətlərə dair məhkəmə çəkişməsi hakimiyyət tərəfindən süni şəkildə yubadılır və heç bir müsbət qərar yoxdur», -A.İmranova bildirib.

Qarşıdakı forumda bütün bu məsələlərin müzakirəsi gözlənilir.

VCMK 2013-cü ilin dekabrında təsis edilib.