SOCAR-ın tikdiyi limanın açılışı yubanır

-

SOCAR-ın Türkiyənin İzmir şəhərinin Eliağa rayonunda inşa etdiyi “Petlim” limanının istifadəyə verilməsi yubanır. Bu şirkətin prezidenti Rövnəq Abdullayev AZƏRTAC-a deyib ki, limanın açılışı bu ilin sentyabrına planlaşdırılır.

“Limanı idarə edəcək şirkət artıq sınaq işlərinə başlayıb. Limanın 1-ci və 2-ci fazaları sentyabrda istifadəyə veriləcək” - deyə R.Abdullayev bildirib.

SOCAR-ın prezidentinin bildirdiyinə görə, limanın ilkin mərhələdə ötürücülük qabiliyyəti 1,5 milyon teu olacaq. “Petlim” Türkiyənin üçüncü, Egey dənizininsə ilk böyük limanı olacaq. Limanın 70 faizlik hissəsi SOCAR-a, 30 faizlik hissəsi isə “Goldman Sachs” şirkətinə aiddir. Limanı ilk 30 il müddətində Hollandiyanın “APM Terminals” şirkəti idarə edəcək.

R.Abdullayev fevralda jurnalistlərə açıqlamasında limanın tikintisinin yekunlaşmaqda olduğunu, açılışın martın sonunda olacağını demişdi.