-
“İlk olaraq Azərbaycan cavab tədbirlərinin birtərəfli qaydada dayandırılması barədə aprelin 3-də qərar qəbul edilmişdi. Azərbaycan tərəfinin bu sülhpərvər niyyətinə baxmayaraq, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini və mülki şəxsləri hədəfə alır. Qoşunların təmas xətti boyunca Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqda davam edir”.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bunu Ermənistan prezidenti Serj Sarkisyanın atəşkəs haqqında açıqlamasını şərh edərkən deyib.
Trend-in xəbərinə görə, nazirlik sözçüsü qeyd edib ki, Azərbaycan atəşkəsə hazırdır.
“Lakin Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, bütün işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır. Atəşkəsin pozulması və gərginliyin yaranmasının əsas səbəbi Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğudur" - deyə H.Hacıyev bildirib.
Aprelin 2-dən etibarən cəbhədə döyüşlər başlayıb. Silahlı toqquşmalar hələ də davam edir. Rəsmi bilgilərə görə, döyüşlərdə Azərbaycan ordusunun 15 hərbçisi vəfat edib.