16 yaşlı qız həlak oldu

Tərtərdə dağılmış ev

-

APA-nın xəbərinə görə, bu gün səhər Tərtər rayonunun Həsənqaya kəndinə mərmilər düşüb.

Mərminin evə düşməsi nəticəsində 16 yaşlı Turanə Həsənova ölüb.

Məlumata görə, Kəlbəcər rayonundan məcburi köçkün olan Həsənovlar ailəsi Həsənqaya kəndində məskunlaşıb.

16 yaşlı qızın meyiti müayinə olunmaq üçün Tərtər morquna aparılıb.

Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq cəbhədə atəşkəs ardıcıl olaraq pozulmağa başlayıb. Hər iki tərəfdən itkilərin olduğu deyilir.

Azərbaycan Silahlı Qüvvələrinin 16 hərbiçisinin öldüyü bildirilir. Mülki əhali arasında da ölən və yaralananların olduğu deyilir. Tərtər rayonundan da ölən və yaralanan var.

TƏRTƏR PROKURORLUĞU CİNAYƏT İŞİ AÇIB

Cəbhədəki son vəziyyətlə bağlı Tərtər rayonunun prokurorluğu və polis şöbəsi birgə məlumat yayıb. Məlumatda deyilir ki, cəbhəyanı zonaya yaxın bir sıra yaşayış məntəqələri, o cümlədən Həsənqaya kəndi növbəti dəfə atəşə tutulub:

«Aprelin 5-də saat 11:00 radələrində Həsənqaya kəndində məskunlaşmış Kəlbəcər rayon sakini, 16 yaşlı Turanə Həsənli yaşadığı evə atılmış mərminin partlaması nəticəsində vəfat edib»,-deyə məlumatda bildirilir.

Faktla bağlı rayon prokurorluğunda cinayət işinin açıldığı bildirilir.