-
“Dollarla istehlak kreditlərinin dayandırılması 1 ay müddətinə verilmiş qərardır. Düşünmürəm ki, bankların fəaliyyətinə kəskin mənfi təsir göstərəcək”
Bu sözləri Banklar Assosiasiyasının sədri Zakir Nuriyev dollarla istehlak kreditləşməsinin dayandırılması barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının qəbul etdiyi qərarı şərh edərkən deyib.
Zakir Nuriyev Fins.az-a açıqlamasında bildirib ki, bu qərar əslində gələcəkdə meydana çıxa biləcək mümkün problemlərin qarşısının alınması üçün qəbul olunub:
“1 ay sınaq müddəti deyil. Bundan sonrakı dövr üçün bankların davranış qaydalarının müəyyən edilməsi, bazarın tənzimlənməsi məqsədi ilə yeni qərarların qəbul edilməsi üçün müəyyən edilmiş vaxtdır. Yəqin ki, yeni qərarlar olacaq”
Zakir Nuriyev bunun biznes kreditlərinə aid edilməməsinin təbii olduğunu söyləyib:
“İş adamları arasında ölkədə idxalla məşğul olanları üstünlük təşkil edir və onların istənilən halda valyutaya ehtiyacı var. Daxildə istehsalla məşğul olan sahibkarlara isə manatla kredit verilir. Onlara dollarla kredit vermək heç bankların özünə də sərf etmir. Çünki, sabah mümkün məzənnə dəyişikliyi bankların özünə daha çox problem yarada bilər” - deyə A.Nuriyev bildirib.
Aprelin 4-də Maliyyə Bazarlarına Nəzarət Palatası banklar tərəfindən əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsini aprelin 5-dən etibarən 1 ay müddətinə dayandırıb. Palata 1 aylıq müddətin uzadıla biləcəyini də ifadə edib.