Əkrəm Əylislinin istintaqı başladı

Əkrəm Əylisli

-

Aprelin 6-da Hava Nəqliyyatında Polis İdarəsinin istintaq bölməsində yazıçı Əkrəm Əylisliyə qarşı açılan cinayət işi ilə bağlı istintaq hərəkətləri həyata keçirilib. Bu haqda Azadlıq Radiosuna yazıçının vəkillərindən Elçin Sadıqov məlumat verib.

Vəkil Əkrəm Əylislinin təqsirləndirilən şəxs qismində cəlb edildiyini, ona qarşı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə (xuliqanlıq) ittiham elan olunduğunu bildirib.

Yazıçıya qarşı ittihamın qısa mahiyyəti ondan ibarətdir ki, Əkrəm Əylisli martın 30-da hava limanında ictimai qaydanı pozub, söyüş söyüb. İttihama görə, yazıçı Dövlət Sərhəd Xidmətinin əməkdaşı Nihal Seyidovun döş qəfəsinin sağ yarı hissəsinin yuxarısına zərbə endirib. Zərbə nəticəsində Nihal Seyidovun döş qəfəsində 3,0X2,5 ölçüdə solğun qançır yarandığı bildirilir.

İstintaq hərəkətləri zamanı Əkrəm Əylisli ittihamları qəbul etmədiyini, heç kəsə qarşı təhqir və fiziki zor tətbiq etmədiyini, belə hərəkətləri etməyə yaşının, fiziki və mənəvi durumunun imkan vermədiyini bildirib. Ə. Əylisli cinayət işinin onun yaradıcılığı ilə bağlı olduğunu vurğulayıb.

İstintaq qurumu yazıçıdan başqa yerə getməmək barədə iltizam da alıb.

Yazıçı Ə. Əylisli oğlu İlyas Əylisli ilə İtaliyaya gedərkən martın 30-da Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanmışdı.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə yazıçının buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığı üçün saxlandığını demişdi. Ə.Əylisli martın 30-da axşam saatlarında sərbəst buraxılmışdı.

Sonradan yazıçıya cinayət işi açıldığı açıqlanmışdı.