Ekspert: "785 Azərbaycan əsgəri həlak olub"

Cəsur Sümərinli

-

Atəşkəs rejiminin qüvvəyə mindiyi vaxtdan -1994-cü il mayın 12-dən 2016-cı il aprelin 7-nə dək qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin 2 minə yaxın hərbi qulluqçusu həlak olub və ya yaralanıb.

Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu xəbər verir.

Qurumun rəhbəri Cəsur Sümərinlinin sözlərinə görə, bu müddətdə ən azı 785 nəfər azərbaycanlı hərbçi Ermənistan tərəfinin gülləsindən həlak olub. Həmin dövrdə yaralananların ümumi sayı isə 850 nəfərdən yuxarıdır.

“Bizim kütləvi informasiya vasitələri üzərində apardığımız monitorinqin nəticələri, hərbi mənbələrdən əldə etdiyimiz məlumatlar və əsgər valideynlərindən aldığımız informasiyalara görə, itkilərin sayı təxminən bu göstərici çərçivəsindədir” - C.Sümərinli bildirib.

Onun sözlərinə görə, 22 il ərzində 125-dən artıq Azərbaycan hərbçisi mina partlayışından ölüb. 210-dan artıq hərbi qulluqçu isə eyni səbəbdən yaralanıb.

Bundan başqa sözügedən müddətdə Azərbaycanın 70-dən artıq mülki vətəndaşın yaralandığı bildirilir. Həmin dövrdə həlak olan mülki vətəndaşların sayının isə 30-dan yuxarı olduğu deyilir.

Mina partlayışından ölən mülkilərin sayı 35 , yaralananların sayı isə 52 nəfər açıqlanır. Qeyd edilən dövrdə Azərbaycanın 10 mülki vətəndaşınıngirov götürülüb, sonradan qaytarıldığı söylənir.

C.Sümərinlinin deməsinə görə, bu dövrdə Azərbaycan Silahlı Qüvvələrinin 30-dan artıq hərbi qulluqçusu əsir götürülüb . Onlardan 5-i 3-cü ölkəyə göndərilib, qalanları isə müxtəlif vaxtlarda Azərbaycana qaytarılıb.

C.Sümərinli göstəricilərin qeyd olunanlardan yüksək ola biləcəyini də istisna etmir.

Müdafiə Nazirliyi atəşkəs dövründəki itkilərin ümumi sayı barədə indiyəcən məlumat yaymayıb.