Şennak: "Hesabat obyektiv olacaq"

Stefan Schennach

-

“Avropa Şurasına üzv olan iki dövlət - Azərbaycan və Ermənistan arasında yaşanan bu münaqişədən dərin narahatam. Həmməruzəçi kimi hazırlayacağım hesabatda obyektivliyin qorunması önəmli prinsip olacaq”.

Bunu parlamentdə keçirdiyi müzakirələrdə Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycanda səfərdə olan həmməruzəçisi Stefan Şennak söyləyib.

APA-nın xəbərinə görə, həmməruzəçi parlamentdə AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşüb. Nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qeyd edib ki, Azərbaycan konstruktiv tənqiddən heç vaxt çəkinməyib və onun faydasını yaxşı başa düşür. Komitə sədri təəssüf hissi ilə deyib ki, qonağın səfəri Ermənistanın atəşkəsi pozduğu və cəbhə xəttində gərginlik yaşandığı bir dövrə təsadüf edib. S. Seyidov bu faktların hazırlanacaq məruzədə öz əksini tapacağına əminliyini ifadə edib.

Stefan Şennak səfər çərçivəsində bundan əvvəl prezident İlham Əliyev və baş prokuror Zakir Qaralovla görüşüb. Bundan başqa o, redaktorlar və vətəndaş cəmiyyətinin təmsilçilər ilə də bir araya gəlib.