Müdafiə Nazirliyindən yeni açıqlama

Qarabağda həlak omuş hərbçi

-

«Aprelin 9-da Bakı vaxtı ilə saat 16:00-dan 19:00-dək cəbhə xəttinin müəyyən olunmuş istiqamətlərində ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə... hərbi qulluqçu meyitlərinin döyüş meydanından çıxarılması əməliyyatı həyata keçiriləcək». Bu xəbəri Müdafiə Nazirliyi açıqlayıb.

Aprelin 8-də də saat 15:00-dan 20:00-dək cəbhə xəttində döyüş meydanından hərbçilərin meyitləri çıxarılmışdı. Ancaq sonradan Azərbaycan Müdafiə Nazirliyi döyüş meydanından çıxarılan meyitlərin sayını açıqlamamışdı. Rusiya mediası həmin gün Azərbaycan tərəfinin – 6; Ermənistanınsa 2 meyit çıxardığını yazmışdı.

İKİ HƏRBÇİNİN KİMLİYİ BİLİNİB

Aprelin 8-də ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan hərbi qulluqçularının döyüş meydanında qalan meyitləri götürülüb.

«Report»un xəbərinə görə, Mingəçevirdən olan deputat Aydın Mirzəzadə onlardan ikisinin - gizir Teymur Qasımovun və müddətdən artıq qulluq edən hərbi qulluqçu Adil Adilzadənin adlarını açıqlayıb.

Ancaq xəbərdə ərazidən ümumilikdə neçə meyit çıxarıldığı bildirilmir.

Aprelin 2-dən 5-dək Qarabağ cəbhəsində hərbi əməliyyatlar keçirilib. Hər iki tərəfdən itki var. Bir neçə gün öncə Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı Azərbaycanın bu döyüşlərdə 31 hərbçi itirdiyini söyləmişdi. Ancaq sosial şəbəkələrdə yayılan müxtəlif siyahılarda daha çox adamın həlak olduğu iddia edilir.

Aprelin 8-də saat 12:00-dan saat 20:00-dək meyitləri götürə bilmək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin vasitəçiliyi ilə xüsusi atəşkəs elan edilmişdi.

Aprelin 5-də saat 12:00-dan etibarən, hərbi əməliyyatların dayandırılması haqqında razılıq əldə edilsə də, tərəflər hələ də bir-birini atəşkəsi pozmaqda günahlandırır.