Seymur Həzinin məhkəməsinin vaxtı dəyişdi

Seymur Həzi

-

"Azadlıq" qəzetinin həbsdə olan əməkdaşı Seymur Həzinin kassasiya şikayətinə yaxın günlərdə Ali Məhkəmədə baxılacaq. Jurnalistin işi üzrə məhkəmə iclası əvvəlcə aprelin 13-nə təyin olunsa da, prosesin vaxtı dəyişilib. Bu barədə AzadlıqRadiosuna jurnalistin vəkili Adil İsmayılov məlumat verib.

Vəkil bildirib ki, iki gün əvvəl Ali Məhkəmədən onunla əlaqə saxlayaraq, prosesin ertələnməsi barədə xəbər veriblər. Məlum olub ki, Seymur Həzinin kassasiya şikayətinə aprelin 15-də hakim İlham Cəfərovun sədrliyi ilə baxılacaq.

“Seymur Həzi özü də məhkəmədə iştirak etmək istədiyini bildirib və bunun üçün müraciət edib” – A.İsmayılov deyib.

Xatırladaq ki, xaricdən yayınlanan və hökuməti tənqid edən "Azərbaycan saatı" televiziya proqramının da aparıcısı olan Seymur Həzi 2014-cü il avqustun 29-da həbs edilib və ona qarşı CM-nin 221-ci (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Məhərrəm Həsənov adlı şəxsə xəsarət yetirməkdə ittiham olunan jurnalist Abşeron Rayon Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib.

Hazırda 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Seymur Həzi ittihamı rədd edir və hökuməti tənqid edən yazılarına, çıxışlarına görə siyasi sifarişlə həbs olunduğunu bildirir.

Vəkil A.İsmayılov da kassasiya şikayətində Seymur Həzi barədə aşağı instansiya məhkəmələrinin hökm və qərarlarının ləğvini, jurnalistə qarşı cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.