-
Dağlıq Qarabağda baş verən hadisələr, bunun ölkənin daxili siyasətinə təsiri və 2016-ci ilin I rübünün yekunları ilə bağlı prezident yanında Nazirlər Kabinetinin toplantısı bu gün medianın gündəmdə tutduğu mövzulardandır.
DÜNYANIN NƏBZİ AZƏRBAYCANDA DÖYÜNÜR
«Azərbaycan» qəzeti son günlər Qarabağ cəbhəsində yaranan gərginlik və bundan sonrakı hadisələrin dəyərləndirilməsindən bəhs edən yazı yayıb. «Dünyanın nəbzi Azərbaycanda döyünür» adlı məqalədə qeyd edilir ki, cəbhədə baş verənlərdən sonra səslənən bütün siyasi açıqlamalarda Azərbaycanın ədalətli mövqeyi aydın ifadə olunur
Yazıda oxuyuruq: «Artıq hər kəs Azərbaycan ərazisi olan Dağlıq Qarabağın və digər rayonların Ermənistan tərəfindən işğal olunduğunu etiraf edir. Ona görə işğalçılarla mübarizəsinə, onlara qarşı hərbi əməliyyatlara görə heç kim Azərbaycanı qınamır. Əksinə, bütün siyasi açıqlamalarda Azərbaycanın haqlı mövqeyi vurğulanır. Ölkəmizə gələn, prezident İlham Əliyevə zəng edən hər bir siyasi xadim Azərbaycanın mövqeyinə hörmətlə yanaşır. Çünki Azərbaycanın mübarizəsi ədalətlidir, məqsədi ərazilərinin işğaldan azad edilməsidir».
Məqalənin sonunda da qeyd edilir ki, beynəlxalq ictimaiyyət «terror» sözünü dilə gətirməsə də, hər şeyin fərqindədir.
QAŞINMAYAN YERDƏN QAN ÇIXARTMAQ
«Azadlıq» qəzeti isə son günlər Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimlinin evi qarşısında etiraz aksiyası keçirilməsinə bir sıra münasibətləri təqdim edib.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş deputat Gültəkin Hacıbəyli deyib: «Brezhnev dövrünün naftalin iyi verən texnologiyaları ilə hakimiyyət yalnız bu rüsvayçı nəticəni əldə edə bilərdi. Hakimiyyət anlamalıdır ki, artıq XXI əsrdir, texnologiya, sosial şəbəkələr əsridir. İndi hər fəal vətəndaş özü bir kütləvi informasiya vasitəsidir və bu şəraitdə insanları aldatmaq artıq mümkün deyil».
Hüquqşünas Aslan İsmayılov isə qəzetə bildirib ki, xəbər lentində Əli Kərimlinin evinin qarşısındakı aksiyadan fotoları görəndə, sanki başına qaynar su tökülüb: «Son günlərdə AXCP hakimiyyətlə mənim belə gözləmədiyim həmrəylik nümayiş etdirdi. «Azadlıq» qəzeti hakimiyyətlə bağlı tənqidi yazıları arxa plana keçirdi. Bütövlükdə cəbhədə gedən əməliyyatlara, ordumuza dəstək oldu. Bundan sonra «pavlik morozovlar»ı onun həyətinə qısqırtmaq ancaq bir məqsəd güdə bilər: qaşınmayan yerdən qan çıxartmaq, milləti parçalamaq, üz-üzə qoymaq, millətin birləşməsindən qorxmaq. Şəxsən məndə bu hadisə ikrah hissi oyatdı. Doğrudanmı, sizlərdə müqəddəs heç nə yoxdur?».
Əli Kərimlinin özü isə evinin qarşısında aksiya keçirən gənclərə xitabən soruşub: «Cəbhədə orduya «dur!» əmrini mən vermişəm, yoxsa sizin lider?».
NEFTDƏN ASILILIQ DAVAM EDİR
«Yeni Müsavat» qəzeti 2106-cı ilin birinci rübünün yekunlarına dair Nazirlər Kabinetinin bu günlərdə keçirilmiş iclası fonunda iqtisadçı Vüqar Bayramovun dəyərləndirmələrini təqdim edib. Vüqar Bayramov prezident yanında keçirilən toplantıda səslənən fikirlərə ardıcıllıq üzrə münasibət bildirib: «Birinci rübdə Ümumi Daxil Məhsulun artım tempini qorumaq mümkün olmadı. Çünki neftin dünya bazarında qiyməti aşağı düşdü və nəticə etibarilə artıma mənfi təsir göstərdi. Ölkənin ixracatında neft yenə əsas faktordur və ucuzlaşdıqdan sonra belə ixracatın 85 faizini təşkil edir».
İqtisadçının fikrincə, ölkənin neftdən asılılığı davam edir və bundan tezliklə yaxa qurtarmaq mümkün olmayacaq: «Bu baxımdan neft yenə də iqtisadi artımı diktə edir. Odur ki, neftin dünya bazarındakı qiyməti Azərbaycan üçün yenə həlledicidir».
Daha sonra V.Bayramov hakimiyyətin sosial evlər tikmək haqda ideyasına da toxunub. O, bu təşəbbüsü müsbət sayıb, amma burada da problemlər olduğunu qeyd edib: «Bu sahənin inkişafı üçün bölgələrdə məmurlar tərəfindən zəbt edilmiş torpaqların yenidən istifadəsinə ehtiyac var».
İqtisadçı deyir ki, bəzi torpaqların məmurlardan, iş adamlarından alınaraq bələdiyyə və dövlətin sərəncamına verilməsi mühüm məsələdir: «Həmin torpaqların böyük qismi kənd təsərrüfatı üçün yararlı torpaqlardır. Odur ki, bu torpaqların geri alınması üçün vergilərin tətbiq olunmasını təklif edirik».
V.Bayramov yerli istehsalın artırılmasında əsas problem kimi iş adamlarının fəaliyyətinə yerli icra başçılarının müdaxiləsini göstərir: «Regionlarda icra başçılarının iş adamlarına müdaxiləsini aradan qaldırmaq lazımdır».