-
Son günlərdə, sosial şəbəkələrdə yaranan aktivlik ziyanverici virus proqramlarının yayılmasına daha da münbit şərait yaradıb. Dövlət Elektron Təhlükəsizlik Mərkəzi bununla bağlı internet istifadəçilərini xəbərdar edib.
Mərkəzdən APA-ya bildiriblər ki, saxta hesablardan ünvanlanan keçidlərə kliklədikdə qurğuların əməliyyat sistemlərinə daxil olan ziyanverici proqramlar istifadəçilərin adından saxta hesablar yaradır. Əxlaqa zidd paylaşımlar edir, spam mesajlar göndərir.
“Naməlum şəxslərdən gələn keçidləri klikləməməyiniz, sosial şəbəkədə dövlət orqanlarına, ictimai-siyasi xadimlərə məxsus səhifələrin həqiqiliyinə əmin olmağınız tövsiyə olunur. Saxta hesab etdiyiniz hesablarla bağlı sosial şəbəkə inzibatçılarına məlumat verin. Bununla yanaşı, veb-sayt rəhbərlərinin və ya idarəedicilərinin təhlükəsizlik tədbirlərini həyata keçirmələri, boşluqları aradan qaldırmaları tövsiyə olunur” - deyə mərkəzin məlumatında bildirilir.