-
Prezident İlham Əliyev aprelin 11-də imzaladığı sərəncam ilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-i yaradıldı.
AZƏRTAC-ın xəbərinə görə, qurumun yaradılması kənd təsərrüfatı məhsullarının istehsalı və emalını stimullaşdırmaq məqsədi daşıyır. Bundan başqa, ərzaq məhsullarının keyfiyyətini artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırmaq kimi məqsədlər də bura aid edilir.
Sərəncama əsasən, Cəmiyyətdə Müşahidə Şurası və İdarə Heyəti yaradılır. Müşahidə Şurası, İdarə Heyəti sədrlərinin, müavinlərinin vəzifəyə təyin və vəzifədən azad olunması, səlahiyyətlərinə vaxtından öncə xitam verilməsi dövlət başçısı tərəfindən həyata keçirilir.
Cəmiyyətə tapşırılır ki, dövlət qeydiyyatına alındıqdan sonra səhmlərinin 49 faizinin fond birjasında digər investorlara təklif edilməsi və bununla bağlı zəruri sənədlərin hazırlanması üçün tədbirlər görsün. Səhmlərinin investorlara təqdim edilməsindən əldə olunan vəsaitin Cəmiyyətin nizamnamə kapitalının 49 faizi həcmində olan hissəsinin dövlət büdcəsinə ödənilməsini təmin etsin.