Xarici İşlər Nazirliyi xəbərdarlıq edir

XİN

-

Azərbaycan Xarici İşlər Nazirliyi xarici medianın işğal olunmuş ərazilərdə fəaliyyəti ilə bağlı məlumat yayıb.

Məlumatda rəsmi Yerevan aprelin 2-dən Azərbaycan ərazilərinə xarici media nümayəndələrinin səfərlərini təşkil etməyə görə tənqid edilir.

Nazirlik qeyd edir ki, bunda məqsəd diqqəti Ermənistan silahlı qüvvələrinin təxribatçı və təhrikçi əməllərindən yayındırmaqdır.

Daha sonra xarici media təmsilçilərinə tövsiyə xarakterli bir sıra məsələlər xatırladılır:

«Bu ərazilərdə jurnalist fəaliyyətini icra edə bilmək üçün Azərbaycan XİN-ə müraciət olunmalıdır. Ermənistan tərəfinin mövqeyi ilə yanaşı, obyektivlik naminə Azərbaycan tərəfinin mövqeyi də işıqlandırılmalıdır», - deyə açıqlamada bildirilir.

Bundan əlavə, nazirlik jurnalistlərə Ermənistan tərəfinin verdiyi informasiyalara diqqətlə yanaşmağı tövsiyə edir.

Aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində hərbi əməliyyatlar keçirilib. Hər iki tərəfdən itkilər var. Tərəflər aprelin 5-i saat 12:00-dan etibarən hərbi əməliyyatları dayandırmaq haqqında razılaşsalar da, biri-birlərini atəşkəsi pozmaqda günahlandırırlar.