Şennak fəalların əfvinə ümid edir

Stefan Schennach

-

AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki vəziyyətin gərginləşməsi və ölüm hallarının artmasından dərin narahatlığını ifadə edib.

Bu haqda S. Şennakın aprelin 6-dan 8-nə kimi Azərbaycana 3 günlük faktaraşdırıcı səfərinin yekunlarına dair AŞPA-nın saytında yayılan sənəddə deyilir.

APA-nın xəbərinə görə, S. Şennak atəşkəs qərarını alqışlayıb, danışıqların bərpasının vacib olduğunu bildirib.

Sənədə görə, həmməruzəçinin Azərbaycan prezidenti ilə konstruktiv görüşü olub. O, martın əvvəlində insan haqları müdafiəçiləri, siyasi fəalların azad edilməsi qərarının müsbət addım olduğunu vurğulayıb.

S. Şennak hazırda həbsdə saxlanılan fəalların işi ilə bağlı hakimiyyət nümayəndələri ilə müzakirələr apardığını və ölkədəki son hadisələrin onların azadlığa buraxılacağına ümid verdiyini bildirib.

Azərbaycanda müstəqil media, QHT-lərin işinin asanlaşdırılması və qanunvericilik bazasının Avropa Şurası standartlarına uyğunlaşdırılması kimi məsələlər müzakirə edildiyini də vurğulanıb.