Təmas qrupu yaradıla bilər

Ağdərə rayonu, arxiv fotosu

-

“Ermənistan-Azərbaycan probleminin həlli istiqamətində Təmas qrupunun yaradılmasına dair qərarı, aprelin 14-də dövlət başçıları verəcək”.

“APA” informasiya agentliyinin xəbərinə görə, bunu İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İyad Manavi deyib.

Təşkilatın İstanbuldakı XIII zirvə toplantısının ikinci gününün sonunda mətbuat konfransı keçirən Manavi bu məsələ ilə bağlı deyib: ”Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması və Dağlıq Qarabağ məsələsinin ədalətli şəkildə həlli üçün Təmas qrupu yaradılması təklifi bu günki iclasımızda gündəmə gəlib. Bu, bir tövsiyədir, İnşallah, dövlət başçılarının aprelin 14-də keçiriləcək toplantısında qərar da qəbul ediləcək. Təmas qrupuna neçə ölkənin daxil ediləcəyini indidən deyə bilmərəm. İndiyə qədər yaratdığımız təmas qruplarında 15 ölkə təmsil olunub. Ermənistan-Azərbaycan problemi ilə bağlı yaradılmasını tövsiyə etdiyimiz qrupda 20 ölkə də ola bilər. Hər şey ayın 14-də dövlət başçılarının qəbul edəcəyi qərardan asılı olacaq”.

İslam Əməkdaşlıq Təşkilatının XIII Zirvə toplantısı aprelin 11-də İstanbulda öz işinə başlayıb. Zirvə toplantısında daha əvvəl üzvlüyü dondurulmuş Suriya iştirak etmir. Liviya isə toplantıda təmsil olunub.

Azərbaycan 1991-ci ildə İslam Konfransı Təşkilatına müşahidəçi statusunda qəbul edilib. 1992-ci ildə tamhüquqlu üzv olub. Bu qurum 2011-ci il Astana toplantısında İslam Əməkdaşlığı Təşkilatı adlandırılıb. Təşkilat özü isə 1969-cu ildə təsis edilib və sıralarında 60-a qədər ölkəni birləşdirir.