-
Dünyaca ünlü qırğız yazıçısı Çingiz Aytmatovun daha bir əsəri Azərbaycanda işıq üzü görüb. Yazıçının Moskvada oxuduğu illərdə qələmə aldığı və İkinci Dünya müharibəsi zamanı arxa cəbhənin reallıqlarını əks etdirən “Üz-üzə” povestini Nizami adına Ədəbiyyat İnstitutu tərcümə və nəşr edib. Bu barədə institutdan AZƏRTAC-a məlumat verilib
Yazıçı “Üz-üzə” povestinə görə senzuranın təzyiqlərinə məruz qalıb. Ç.Aytmatov əsərdə, müharibə və qələbə ilə bağlı imperiya təbliğatından fərqli olaraq, fərarilik edən insanın obrazını ədəbiyyata gətirib. Arxa cəbhədə aclıq, yoxsulluq və ən əsası vicdanı ilə sınağa çəkilən kəndin gerçəkliyindən yazıb. İlkin nəşri zamanı əsərin tam variantda çapına imkan verilməyib, 1990-cı ildə yazıçı yenidən əsərə qayıdaraq yarımçıq qalan hissələri tamamlayıb.
Kitabda yazıçının “Ön söz”ü ilə birlikdə “Üz-üzə” povestinin təkmil variantı oxuculara təqdim olunub.