Qızıl hasilatçısı nədən borc içindədi?

İllüstrasiya

-

Beynəlxalq Bank ölkədə qızıl hasilatı ilə məşğul olan “Anglo-Asian Mining” şirkətinə 2,9 milyon dollar kredit xətti açıb. Bu məbləğ bankın şirkətə verdiyi kreditin kiçik hissəsini təşkil edir.

Report-un xəbərinə görə, 2016-cı il aprelin 1-nə şirkətin Beynəılxalq Bank qarşısında kredit borcu 9,7 milyon dollara enib. Cari ilin əvvəlinə isə bu göstərici 11,7 milyon dollar təşkil edirdi. Beləliklə, cari ilin ilk rübündə şirkət banka kredit borcunun 2 milyon dollarını ödəyib. Banksa şirkətə 2,9 milyon dollarlıq yeni kredit xətti açıb.

Anglo-Asian Mining şirkətinin Azərbaycanda fəaliyyət göstərən digər banklara da xeyli kredit borcu var. YapıKredi Bank-a olan borc 2 miyon dollara yaxın olub. Ancaq cari ilin əvvəlində 500 min dollar ödəndiyindən kredit borcunun həcmi aprelin 1-nə 1,2 milyon dollara enib.

Qızıl hasilatçısının “Paşa Bank”a olan borcları isə dəyişməz qalıb - 4,6 milyon dollar.

Report şirkətin ümumi xalis xarici borcunun 47,5 milyon dollar təşkil etdiyini xəbər verib.

1997-ci ildə Azərbaycanın Azərqızıl Dövlət Şirkəti ilə ABŞ-ın “R.V. Investment Group Services LLC” şirkəti arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq, Vecnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanıb. Gədəbəy qızıl-mis layihəsində gəlir payının 51 faizi Azərbaycana düşür.

49 faiz payı olan Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti isə layihəyə rəhbərlik edir. Bu şirkət Londonda qeydiyyatdan keçən “Anglo-Asian Mining” şirkətinin tam subsidiyalı mülkiyyətidir. Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti layihə üçün zəruri olan bütün kapitalı təmin edir.