Uşaq bağçaları restoran olub?

Bəxtiyar Sadıqov

-

Qarabağ cəbhəsindəki vəziyyət, regional münasibətlər, maliyyə və sosial problemlər bu gün medianın aparıcı mövzusudur.

İLHAM ƏLİYEV ZİRVƏLƏRİ QAYTARDI

«Azərbaycan» qəzetində «İlham Əliyev zirvələri qaytardı» başlıqlı məqalə dərc edilib. Yazının müəllifi qəzetin baş redaktoru, deputat Bəxtiyar Sadıqovdur. «Bir jurnalist kimi ən böyük arzum qələbədən yazmaq olub. Nə gizlədim, belə bir yazının yazılacağının mənə qismət olacağına ümidimi itirmişdim...Ancaq aprel ayının 2-si gecəsi Ali Baş Komandan cənab İlham Əliyev bu ümidi nəinki diriltdi, həm də inama çevirdi» - Bəxtiyar Sadıqov yazır.

Məqalədə son əməliyyatlar zamanı Azərbaycan ordusunu bir neçə yüksəkliyi geri qaytarması qələbə kimi xarakterizə edilir. Deputat-jurnalistin düşüncəsinə görə, bir gündə qazanılan qələbə böyük dəyişikliklər yaradıb: «Artıq əminik ki, tam qələbədən də yazacağıq. Həm də erməni əsirliyindən qurtulmuş torpaqları gəzə-gəzə yazacağıq. Dağılmış ərazilərimizin yenidən tikilib-qurulmasından, abadlaşdırılmasından, doğma Qarabağın laləzara çevrilməsindən dönə-dönə yazacağıq. Əminəm ki, bu xoşbəxtliyi də bizə cənab İlham Əliyev nəsib edəcək. Zirvələri fəth etməklə özü də zirvəyə ucalan Prezident İlham Əliyev».

İlker Başbuğ

GENERALIN ƏN BÖYÜK ARZUSU...

«Mənim ən böyük arzum Türkiyə ilə Azərbaycanın bir dövlət olmasıdır. Zatən «bir millət, iki dövlət» deyirik. Amma mümkün deyil, imkan verməzlər. Kaş ki, şərtlər uyğun olsaydı».

Musavat.com saytında yer alan bu fikirləri Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəhbəri İlker Başbuğ Atatürk Universitetində «Milli siyasət, Orta Doğu və Türkiyə» mövzusunda keçirilən konfransda dilə gətirib.

İ.Başbuğ Türkiyənin real gücə dönməsi üçün güclü iqtisadiyyatın, güclü siyasətin və güclü ordunun olmasını şərt sayıb: «Assad-ı müdafiə etməyə əsas yoxdur. Suriya məsələsində İran və Rusiya ilə birgə hərəkət yararlı olmayacaq. Odur ki, bu məsələdə ABŞ-la çətinliklər yaşanır».

Türkiyə-Rusiya münasibətlərinə toxunan general münasibətlərin bundan artıq gərginləşməyəcəyini söyləyib. Müharibənin ola bilməsi ehtimalını isə «sıfır» sayıb.

Nemət Əliyev

XALQ AYAĞA QALXACAQ...

«Azadlıq» qəzeti isə ekspertlər ilə birlikdə ölkənin maliyyə sahəsindəki durumu təhlil edib. Məqalədə qeyd edilir ki, «Fitch» beynəlxalq reytinq agentliyinin Azərbaycanın maliyyə durumu, problemli kreditlərin artması kimi rəyləri ciddi narahatlıqlardan xəbər verir. Bunu qəzetə iqtisadçı Nemət Əliyev də deyib:

«Belə beynəlxalq qurumların verdikləri proqnozlar ciddiyə alınmalıdır. Belə təşkilatların verdikləri açıqlamalar xarici investorlar üçün ciddi mənbə sayılır. Məlumdur ki, Azərbaycanda rüşvətxorluq, korrupsiya meydan sulayır. İnhisarçıların əlindən sahibkarlar cana yığılıb. İnvestorlar ölkədən qaçaq düşüblər və ölkəyə investisiya yatırmaq istəyən yoxdur».

Nemət Əliyev deyib ki, ölkənin maliyyə sahəsində sabitliyin olmaması gec-tez siyasi proseslərə də təsir göstərəcək. Onun düşüncəsinə görə, xalq çətinliklərə uzun müddət dözməyəcək: «Bir gün sosial çətinliklərə dözməyən xalq ayağa qalxacaq. O an xalq kütlələrinin qarşısını almaq qeyri-mümkün olacaq .Ona görə, uzun müddət ölkənin maliyyə vəsaitlərini xaricə daşıyaraq özlərinə komfort həyat tərzi quranlar, nə qədər gec deyil, xalqın taleyini düşünməlidirlər».

Uşaq bağçası

ƏVVƏL UŞAQ BAĞÇASI İDİ, SONRA RESTORAN OLDU

«Exo» qəzeti ölkədə uşaq bağçalarının çatışmazlığı problemini önə sürür.

«13 000 uşaq bağçası...» sərlövhəli məqalədə qeyd edilir ki, bu problem tək əyalətlərdə yox, elə paytaxtda da var: «Uşaq bağçalarının dəhşətli dərəcədə çatışmazlığı problemi demək olar ki, bütün Azərbaycanı əhatə edir. Uzun illər ərzində vətəndaşlar da, ekspertlər də bu məsələni qaldıraraq hökumətin nəzərini buna cəlb etmək istəyirlər. Məsələ həllini tapmasa, bu demoqrafiq situasiyaya və doğum artımına böyük maneə olacaq».

Müəllif düşünür ki, uşaqla iş arasında qalan ana sonda ailənin rifahı naminə karyeraya üstünlük verəcək. Onun fikrincə, başqa tərəfdən mövcud uşaq bağçalarında aylıq ödənişlərin yüksək olması vəziyyəti bir az da mürəkkəbləşdirir.

Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov uşaq bağçalarına əsas zərbəni Təhsil Nazirliyinin onların özəlləşdirilməsinə icazə verməsini sayır: «Sahibkarlar bu bağçaları aldılar, onların əksəriyyətinin yerində restoranlar, şadlıq evləri tikildi, cüzi hissəsi təyinatı üzrə iş gördü».

Y.Bəkirov problemi rəqəmlər vasitəsilə anladır: «Hazırda bütün ölkədə cəmi 1200 uşaq bağçası fəaliyyət göstərir. Bu isə uşaqların cəmi 10 faizini əhatə edir. Qalan 90 faiz uşağı bağça ilə təmin etmək üçün əlavə 13000 uşaq bağçası tələb edilir. Amma hökumətin planından belə görünür ki, yaxın zamanda bu məsələ həllini tapmayacaq».

«Sovetski»

«SOVETSKİ» DÜYÜNÜ

«Bizim Yol» qəzetində isə ««Sovetski» sakinlərindən evləri boşlatmaq tələb edilir» adlı məqalə dərc edilib. Məqalədə bildirilir ki, aprelin 14-də Yasamal rayon İcra Hakimiyyətindən yarım uçuq «Sovetski» məhəlləsinin sakinlərinə evləri boşaltmaq, əks halda qaz, su, işıq verilməsinin kəsiləcəyi hədəsi gəlib.

Müəllif yazır ki, sökülməsi nəzərdə tutulan bu evlərin sahəsi azdır. Həmin evlərin sahiblərinə, ən yaxşı halda 30-35 min manat kompensasiya düşür. Bu da sakinləri qane etmir. Məqalədə İnsan Hüquqları İnstitutu rəyinə də yer verilib: «Mənzillərin az kvadratlı olması, həyətyanı sahələrdəki tikililərə kompensasiya ödənilməsinin nəzərdə tutulmaması əhalini dilemma qarşısında qoyub. Ona görə də, oradan çıxan insanlar evsiz qalma problemi ilə üz-üzə qalırlar».

Məqalədə qeyd edilir ki. məhəllədə çoxlu belə ev var. Kompensasiya isə 1500 manatdan artıq deyil.

Müəllif yazır ki, şəhərin mərkəzində yaşayan bu insanlar nəzərdə tutulan kompensasiya ilə ən yaxşı halda mərkəzdən 15-20 kilometr aralıda ev ala bilərlər.