"Dərman bahadı, uşaqlarım gözümün önündə əriyib gedir"`

►“Bu xəstəlik elədir ki, gözləmir, pul tapılsın"

“Övladlarımın ikisi - Elvin və Şəhanə Hepatit C xəstəliyindən əziyyət çəkir. Qəbələ Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadırlar. Onların müalicəsi üçün bankdan götürdüyüm krediti ödəyə bilmirəm. Artıq təkrar müalicənin də vaxtını ötürmüşük. İmkansızlıqdan davam etdirə bilmirik”.

Qəbələnin Dızaxlı kənd sakini Turanə Abdurəhmanova AzadlıqRadiosuna danışır ki, iki övladının müalicəsi vaxtında aparılmadığından vəziyyətləri ağırlaşıb.

Hepatit C xəstəliyinin müalicəsi üçün dərman preparatları bahalı və tapılmayan olduğundan ana nə edəcəyini bilmir. O, həmin dərmanları əldə etməkdən ötrü rayonda müxtəlif qurumlardan yardım istəyib.

“ƏRİYİB GEDİRLƏR”

Turanə Abdurəhmanova (ayaq üstə) və qaynanası

“Bu xəstəlik elədir ki, gözləmir, pul tapılsın, dərman tapılsın. Günbəgün ağırlaşır. Uşaqlarıma baxanda özümü öldürməyim gəlir. Gözüm görə-görə əriyib gedirlər”.

Turanə xanımın dərdi bununla bitmir. Iki xəstə övladını şəraitsiz, rütubətli evdə saxlamağa məcburdur. Heç yerdə işləməyən Turanə Abdurəhmanovanın öhdəsində xəstə övladlarından başqa, gözdən əlil qaynanası da var. Ailəni təkbaşına idarə edən xanım evin təmirinə gücü çatmadığı üçün rayon icra hakimiyyətinə və bələdiyyəyə müraciət edib:

“Evin dam örtüyü köhnə kirəmitdəndir. Yağış yağanda otaqları su aparır. Qəbələ Rayon İcra Hakimiyyətinə gedib-gəlirəm, deyirlər, “get, bələdiyyəyə de”. Bələdiyyə deyir, “pul yoxdur”. Özünüz də bilirsiz ki, bu xəstəlik birinci ciyərləri vurur. Rütubətli evdə yaşamağımız isə sanki faciəmizi daha da yaxınlaşdırır”.

VƏTƏNDAŞLAR BİLGİSİZDİR

Səhiyyə üzrə ekspert Gülay İbrahimova deyir, 2015-ci ilin yanvarından Azərbaycanda Hepatit B və C viruslu xəstələrin müalicəsinin dövlət hesabına həyata keçirilməsinə başlanılıb. Bu prosesə başlanmamışdan öncə Səhiyyə nazirinin 5 iyun 2014-cü il tarixli əmrinə əsasən, B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya yaradılıb. Komissiyanın üzərinə ölkədə bu infeksiyaların profilaktikası və diaqnostikası, həmçinin belə xəstələrin müalicəsi üzrə görülən işlərin əlaqələndirilməsi, bu sahədə problemlərin həlli məqsədilə lazımi tədbirlərin görülməsi kimi vəzifələr qoyulub.

“Sadəcə, Komissiya yeni yaradıldığından vətəndaşların çoxu bilgisizdir. Hepatit C xəstəliyi getdikcə daha geniş yayılmaqdadır. Ona görə də insanlar daha intensiv bilgiləndirilməlidilər. Komissiyanın fəaliyyəti haqqında çarxlar hazırlanmalı, hər gün nümayiş etdirilməlidir”.

Ekspert deyir, hələlik Hepatit C xəstəliyinə qarşı vaksin mövcud deyil.

Turanə Abdurəhmanova çarəsizlikdən ölkə prezidenti başda olmaqla, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadan, deputat Fəttah Heydərovdan, nazir Kəmaləddin Heydərovdan kömək istəyir.