Nurçuların məhkəməsi davam edəcək

Həbs

-
Nurçu hesab edilən bir qrup şəxsin işi üzrə məhkəmə prosesi aprelin 19-da davam etdiriləcək.

Bakı Apellyasiya Məhkəməsi Eldəniz Hacıyev, İsmayıl Məmmədov, onun qardaşı Zəkəriyyə Məmmədov, Şahin Həsənov və Rəvan Fərzəliyevin şikayətinə baxacaq. Onlar qanunsuz dini ədəbiyyatın yayılmasında və din ayinlərinin icrası adı altında vətəndaşların hüquqlarına qəsdə ittiham olunurlar.

Bu haqda «Report» xəbər verir.

Onları Əsabəli Mustafayev və Yalçın İmanov müdafiə edir.

Apellyasiya şikayəti üzrə ilkin iclas yanvarın 19-da keçirilib. Həmin iclasda vəkillər «nurçu» kimi təqdim olunaraq məhkum edilmiş beş nəfər barəsində cinayət işinə xitam verilməsini istəsələr də, məhkəmə onların vəsatətlərini rədd edib. İttiham olunanlar barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatətlər də təmin edilməyib.

Adıçəkilən beş nəfəri 2014-cü ilin aprelində keçmiş MTN əməkdaşları həbs etmişdilər. Təxminən beş ay sonra istintaqın təşəbbüsü ilə onlar barəsində həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunmuşdu. İbtidai istintaqın qalan mərhələsində və birinci instansiya məhkəməsində bu işə baxılarkən onlar həbsdə olmamışdılar. Yalnız Yasamal Rayon Məhkəməsində hökm oxunanda, onlar məhkəmə zalında yenidən həbs edilmişdilər.

Mühakimə olunan beş nəfər iş materiallarında «klassik nurçu» kimi təqdim olunur.

Yasamal Məhkəməsinin hökmü ilə Rəvan Fərzəliyev 1 il 6 ay, İsmayıl Məmmədov 5 il 6 ay, Eldəniz Hacıyev 4 il 6 ay, Zəkəriyyə Məmmədov və Şahin Həsənovun hər biri isə 5 il azadlıqdan məhrum edilib.