-
Aprelin 17-də Astara Gömrük İdarəsinin əməkdaşları 500 kq narkotik vasitə aşkarlayıb.
“APA” informasiya agentliyinin xəbərinə görə, Astara Gömrük İdarəsində İrandan Azərbaycana gələn “Volvo” markalı yük avtomobilinin sürücüsü, Belarus vətəndaşı 39 yaşlı Aleksandr Kuzmin 20 ton kişmiş yükü apardığını bəyan edib.
Əvvəlcədən daxil olan əməliyyat məlumatı əsasında Volvo markalı avtomobil “HCVC 6032” markalı stasionar-rentgen qurğusundan keçirilib. Avtomobildəki kişmiş yükünün arasındakı qaraltılar gömrükçülərdə şübhə doğurduğundan yükə fiziki baxış keçirilməsi qərara alınıb. Gömrük yoxlaması zamanı 1997 kişmiş qutusundan 100-də xüsusi üsulla dördbucaq şəkildə qablaşdırılaraq qutulara yerləşdirilən 500 kiloqram heroin aşkar edilib. Avtomobilin sürücüsü malın İranda yükləndiyini, son təyinat məntəqəsinin Belçika olduğunu və heroindən isə ümumiyyətlə xəbərsiz olduğunu bildirib. Aşkar edilən narkotik vasitə hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq götürülüb.