İndiyə kimi Təhminə adlı 32 qadın tanımışam (hekayə)

Emin Əliyev

-

"Başındakı quyruq üzümə toxunurdu. Damağımızdakı siqaretlər yuxarı, göyə baxırdı. Ayaqlarımız da səliqəli şəkildə lap yapon çubuqları kimi idi."

Emin Əliyev

QAYIDIŞ

Ofis

“Ağzı üstə sərilmiş bir ölü şəkli çap etdi qəzetlər”

Göy-qara rəngli qəzetdə ölü şəklini və xəbəri adi qarşıladı həmişəki kimi baş redaktor. Gözləri telefon sorğu kitabçasında sonuncu - otuz üçüncü Təhminəni axtarır.

Masanın üzərində dağınıq ingilis jurnalları, qaralamalar, mürəkkəb buraxmış qələmi vardı. Artıq soyumağa başlayanda əl atıb fincandan çayını qurtumladı. Televizor bu dəfə də axmaq amerikan cizgi filmlərini göstərmək istəyir, deyəsən.

Əlini telefonun üzərində gəzdirib dəstəyi götürdü. Tez nömrəni çevirməyə başlayanda bir anlıq tərəddüdə qapılsa da, davam etdi. Hava qırmızıdır. Fantastik filmlərdəkiymişcəsinə. Aha sonuncu qadının səsi gəldi.

- Xanım indi görüşdədir, xahiş olunur bir az sonra zəng edəsiz.

- Ihh... Yaxşı.

İndiyə kimi Təhminə adlı 32 qadın tanımışam. Bu da kitabdakı sonuncu qadın. Yuxuda beli bükülmüş ağsaqqal mənə dedi ki, katarsisə çatmaq istəyirsənsə bölgədəki bütün Təhminələri görməlisən.

Əlləri əsməyə başlayır, mədəsinin içində qurğuşun axışır, başının içində kirpi gəzirdi sanki. Telefona əl atıb yenə zəng etdi.

Bu dəfə qəbuluna düşdü.

Öyrəndi ki, qadının 42 yaşı var. Şəhər hospitallarının birində psixo-terapevt işləyir. Bu onun həyəcanını daha artırdı. Dağınıq sözlərlə addım-addım fikrini izah edərək qəbula yazılacağını operatora dedi.

***

Kabinet

Dəhliz boyu otağa doğru rəsmi addımlarla irəliləyəndə çoxlu gəzən qalstuklar, qaçan həkim formaları görürdüm. Növbəyə durub, oradaki insanlarla söhbətə başladım. Hər yerdə olduğu kimi burada da gözləmə mədəniyyəti yoxdur, xaosdur. Kim nə zaman istəyirsə içəri girirdi. Bu qarışıqlıqdan istifadə edib, sıradakıların başını qataraq içəri daxil oldum.

- Salam. Təhminə xanım?

Qadın ona oturmağa yer göstərdikdən sonra özü də oturdu. Orta yaşlı bu həkimin qarşısında əllərini bir-birinə sıxaraq ovuc içləri tər içində sözə başladı. Üzündə biraz "tələsirəm", biraz da "həyəcanlıyam" ifadəsi var idi. Otağın havası da dəyişir, pəncərələr buxarlanırdı.

- Heç bilmirəm necə deyim. Son vaxtlar yaman stress keçirirəm. Elə hər xırda problemdən qorxuram. Siz necə düşünürsünüz nədən olar bu?

Öz ab-havasını həkimə də keçirməyə başlayır. Hava qırmızıdan getdikcə boza çalır. Artıq qadın da onun kimi həyəcanlı və tərlidir.

- Hə, uşaqlığımı tək keçirmişəm. Uşaq evində. Bir anam gəlib-gedirmiş, o da 2 yaşımdan sonra, deyirlər, daha gəlmədi. İndi də nəşriyyatda baş redaktoram. Hə, hə... "Azərbaycan"da. "Aura" qəzetində. 21 yaşım var.

Nəşriyyatın kommunizm qoxan dəhlizləri gözünün qarşısına gəldi. Hospitalın otağa kimi yayılan iyi - vitamin qoxusudur. Hər xəstəxanadakı kimi buradada qoxu hər şeyi öz əlinə alıb. Deyəsən, onu öz situasiyamın qarmağına keçirirəm. Hava bozdan qaralmağa doğru gedir.

- Demək, sizdə də olur hə belə hallar... Çox qəribədir, düzdür? Bir dahi deyirdi ki, qadın 40 yaşını keçdikdən sonra gərək ona bir südəmər, yeniyetmə gənc oğlan qismət olsun. Onunla bütün problemlərinin qorxusunu, stressini atsın deyə. Eşitməmisiz? Nə əcəb...

Otaq tamamilə qaraya bürünmüşdü. Asta-asta qızarmağa başlayırdı etdiyimiz söhbətdən. Mənim məqsədimi anlayırdı. Deyəsən, onun da ürəyindən idi. Narahat olacağım qədər də çətin baş tutmadı bu görüş.

- Onda anlaşdıq. Sabah saat 21:00-da sizdəyəm. Deməli, tək qalırsız? Lap yaxşı. Şərab alacam. Yox, qəti etiraz etməyin.

Oturduğum yerdən cəld hərəkətlə durdum. Qapıya doğru addımlarımı yeyinlətdim və evə getdim.

Mətbəx yenə də tör-töküntüdür. Çirkli qabların üsyanı davam edir. Onlar otağın hər tərəfinə səpələnib təmizlənmək uğrunda hüquqlarını gözümə soxurlar. Başımı çiyinlərimə salıb özümü stola tərəf atdım. Çörəyi kimdənsə qisas alırmışam kimi suya batırdım və acgözlüklə yedim.

***

Otaq

Gün işığından məhrum daha bir evdə lampaları yandırmadılar ki, atmosfer pozulmasın. Otağı yalnız televizorun qırmızı işığı aydınladır həmişəki kimi.

İkimiz idik. Yaşlı olmasına baxmayaraq, dərisi çox hamar idi. Sovet divanında öz yerini rahatlamışdı o da. Həyatımda ilk dəfə belə bir qadına rast gəlirdim. Gözəlliyi ilə evin hər nöqtəsini monumentallaşdırırdı.

İçkini açandan sonra hərəyə bir ağız içməyə başladıq. Boğazına şərab şüşəsini dirəyib, qurtumlayanda mən özümdən çıxdım.

Özümə gələndə artıq yataqda idik. Hərəmiz başımızı öz balışımıza qoymuşduq. Başındakı quyruq üzümə toxunurdu. Damağımızdakı siqaretlər yuxarı, göyə baxırdı. Ayaqlarımız da səliqəli şəkildə lap yapon çubuqları kimi idi.

Albert Camus

- Kamyu yazırdı... O yazırdı ki, insanları həbsxanaya salmalarının əsas səbəbi cinsi istəkləridir. Onlar uzun müddət əlaqədən uzaq qaldıqda hər şeyi anlayırlar. Bir daha cinayət törətməmək haqda uzun-uzun düşünürlər.

- Sən yaxşı oğlansan.

Ardından şirin söhbət başladı. Söhbət əsnasında onun da tək qaldığını öyrəndim. Oğlu sən demə, mənimlə eyni ildə doğulub. Həm də eyni gündə. O da övladını uşaq evinə atmışdı. Yuxularımın birində məni atan anamın həkim olduğunu eşitmişdim nurani ağsaqqaldan.

Hə, ağsaqqalın mənim yuxuma niyə girdiyini anlayırdım asta-asta. O isə hələ də danışırdı öz həyatı haqqında. Yataqdan ayaqlarımı sallayıb yeyin yerişlə mətbəxə keçdim.

***

Mətbəx

Mətbəx qırmızıdır. Yerə səpələnmiş siqaret külləri üzərində gəzərkən özümü tayfa ritualı içində hiss edirdim. Masanın üzərindəki çəngəl məni gözləyirdi. Götürən kimi üzümə yaxınlaşdırıram.

Artıq çəngəl mənim gözlərimə batıb. Qanın ləkələri mətbəxin tavanına kimi sıçrayıb. Mebellər özünə yeni görkəm qazandı.

Mənim çığırtıma tez özünü içəri atdı. İkinci və daha möhtəşəm çığırtı. Qışqırtısı bitəndə artıq polis və hospital işçiləri də gəlmişdilər. Yerdə uzanıb döşəməyə doğru əriyən vücudumu göyə qaldıranda üçüncü çığırtı gəldi:

- Ana, mən Edipəm!