-
Hazırda Masallı, Ağdam, Füzuli, Lənkəran, Şabran və Şəmkir rayonlarında da sənaye məhəllələrinin yaradılması imkanları araşdırılır. Masallı, Ağdam və Füzuli rayonlarında sənaye məhəlləsinin yaradılması təklif edilən əraziyə baxış keçirilib.
Azərbaycan İnvestisiya Şirkəti cəmiyyətinin icraçı direktoru Rövşən Nəcəf bu haqda məlumat verib.
Marja.az-ın xəbərinə görə, R.Nəcəf adıçəkilən rayonlarda müvafiq inftrastrukturla təmin olunma imkanlarının araşdırıldığını, sahibkarlarların təkliflərinin öyrənildiyini bildirib.
O, həmçinin, Neftçaladakı Sənaye Məhəlləsinin yaradılması istiqamətində işlərin yekunlaşmaq üzrə olduğunu deyib.
“Sahibkarlar tərəfindən Azərbaycan İnvestisiya Şirkətinə Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün 17 layihə təqdim edilib. İlkin mərhələdə 7 layihənin icra olunacağı planlaşdırılır” - deyə R.Nəcəf bildirib.
Neftçaladakı Sənaye Məhəlləsinin yaradılması haqqında prezident İlham Əliyev hələ ötən il fevralın 2-də sərəncam vermişdi.