Kran 200 evi işıqsız qoydu

-

Aprelin 18-dən 19-na keçən gecə Bakının Xətai rayonunda qaldırıcı kran bir neçə elektrik dirəyini aşırıb, naqilləri qoparıb. Nəticədə 200-ə yaxın ailə elektriksiz qalıb.

“APA” informasiya agentliyinin xəbərinə görə, hadisə Yavər Əliyev küçəsində baş verib. Boru izolyasiya zavodundan çıxan qaldırıcı kran 380 voltluq elektrik kabellərini qırıb, bir neçə elektrik dirəyini aşırıb.

Elektrik naqilləri yerə düşdüyündən ərazidə təhlükə yaranıb. Sakinlər dərhal ərazi üzrə polis bölməsinə məlumat veriblər. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti hadisə ilə bağlı xəbərdar edilib və əraziyə elektrik enerjisinin verilişi dayandırılıb.

Bundan başqa, aşan dirəklər evlərin dam örtüklərinə ziyan vurub.